Özü də bütün Avropanın gözü qarşısında yaşanır
Qafqaz Müsəlmanları İdarəsi İsveçdə “Qurani-Kərim”in yandırılması ilə bağlı bəyanat yayıb. Qeyd olunub ki, islam dininə, onun mübarək peyğəmbərinə, “Qurani-Kərim”ə, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırışdır. İnsanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayətdir. Bildirilib ki, insan hüquqlarına, ləyaqətinə, millətlər və dinlər arasında qarşılıqlı ehtirama əsaslanan ədalətli, sülhsevər cəmiyyətlərin qurulması yolunda səylər göstərildiyi bir zamanda dünyada artmaqda olan islamafobiya təzahürləri hədsiz narahatlığa və etiraza səbəb olur. Belə halların özünü demokratiya carçısı, “söz azadlığı”nın beşiyi kimi qələmə verən bəzi Avropa ölkələrində cərəyan etməsi, üstəlik, bilavasitə dövlət qurumları tərəfindən izn verilərək şərait yaradılması olduqca üzücüdür.
QMİ iki milyarda yaxın ardıcılı olan islam dinini hədəf alan bu təhqir aktını qətiyyətlə pislədiyini bəyan edib: "Dini zəmində qarşıdurmaya təşviq edən belə çağırış, təcavüz və zorakılığa təhrik edən bu cür əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir. Söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil. Əksinə, insanları mənəviyyata dəvət etmək olmalıdır. Dünya hamımızın ümumi evidir və bu evdə əmin-amanlığı qorumaq hər birimizin vəzifəsi və borcudur".
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, "Qurani-Kərim"in yandırılması islamafobiyanın növbəti təzahürüdür. Deputatın sözlərinə görə, Qərbdə "Quran"ın yandırılması, ona hörmətsiz münasibət ilk dəfə baş vermir:
"Bu hadisə artıq dəfələrlə təkrarlanır. Özü də bütün Avropanın gözü qarşısında yaşanır. Son hadisəyə də polis heç bir reaksiya vermədi. İllər öncə Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə də Qərbdə ciddi reakisya verilməmişdi. Bu məsələnin insan hüquq və azadlıqları ilə əlaqələndirilməsinə gəldikdə isə bu, absurd və qəbuledilməzdir. Üzrü qəbahətindən daha böyükdür. Bu əməli törədənlər bu hörmətsizliyin hansı qarşıdurmalara gətirə biləcəyini nəzərə almalıdırlar. Tarixdə ən ağır, ən faciəvi müharibələr dini zəmində olub. Onlar bilməlidirlər ki, bu əməlləri ilə həm də dinlərarası ədavəti qızışdırmış olurlar. Bütün bunlar onu göstərir ki, Qərbdə artan islamafobiyanın qarşısı qətiyyətlə alınmalıdır. Belə məsələlərə yalnız müsəlmanlar deyil, digər dinlərin liderləri, tanınmış siyasətçi və ictimai xadimlər də mütləq reaksiya verməlidirlər".
Parlament üzvü qeyd edib ki, tarixdə müsəlmanların digər dinlərin müqəddəs kitablarına hörmətsiz yanaşması ilə bağlı heç bir fakt yoxdur: "Çünki islam müsəlmanlardan digər dinlərə hörmətlə yanaşmağı tələb edir. Burada belə bir sual yaranır. Müsəlmanların digər dinlərin müqəddəs kitablarını yandırması həmin dinlərin daşıyıcılarına xoş gələrdimi? Əlbəttə yox. Ona görə bu məsələdə siyasi və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin diqqətli olması çox önəmlidir.
Siyasi və dini mənsubiyyətindən asılı olmayaraq, hamı digər dinlərin və xalqların dəyərlərinə hörmətlə yanaşmağı bacarmalıdır. Əks halda, zamanla dünyada dini müstəvidə qarşıdurma və dözümsüzlük halları daha da artacaq. Bu isə əlavə gərginlik ocaqları yaradacaq".