"Azərbaycanın İrandakı səfirliyində terror aktının həyata keçirilməsi, İranın Vyana Konvensiyasının müddəalarına zidd olaraq bu ölkədəki diplomatik nümayəndəlikləri qorumaq iqtidarında olmadığını göstərir"
Bunu "Sherg.az"a açıqlamasında politoloq, tanınmış hüquqşünas Fərhad Mehdiyev İrandakı Azərbaycan səfirliyinə olan hücuma münasibət bildirərkən deyib.
O qeyd edib ki, görüntülər İranın beynəlxalq hüququ kobud şəkildə pozmasının sübutudur:
"Görüntülərə baxdıqda əli avtomatlı adamın səfirlik binasına daxil olarkən polisin heç bir reaksiya verməməsini görürük. Burada ən azından polis terrorçunun arxasınca qaçmalı idi. Vyana konvensiyasının 2 maddəsində hər bir dövlətə ərazisindəki səfirlik binalarını qorumaq öhdəliyi düşür.
Yəni belə hallarda gücləndirilmiş mühafizə olmalı idi. Lakin biz bunu görmürük. Konvensiyanın pozulması isə çox ciddi məsələdir. Buna görə İran hökuməti beynəlxalq hüquq müstəvisində cavab verməlidir".