Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.
Dövlət başçıları birgə foto çəkdiriblər. Fəxri qarovul dəstəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçib.
Macarıstanın Türk Dövlətləri Təşkilatının (TDT) üzvlərindən olduğunu deyən siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Azərbaycan Macarıstan münasibətləri çox böyük tarixə malikdir:
"Ümumiyyətlə, bu ölkə türkdilli olmayan dövlətlərin TDT-nin çətiri altında birləşməsi üçün örnək təşkil edir. Macarıstanın həmişə türk dövlətləri ilə yaxşı əlaqələri olub. Biz bu səfərə Azərbaycanın Şərqi Avropa ölkələri ilə olan münasibətlər konteksindən də baxa bilərik. Təbii ki, burada enerji və iqtisadi əlaqələr də yer alır".
Analitik qeyd edib ki, Türk dünyasının birləşməsində Türkiyə ilə yanaşı Azərbaycan prezidenti İlham Əliyevin də rolu əvəzsizdir:
"Hətta 44 günlük savaşdan sonra ölkəmizin başçısı bu yöndə ciddi addımlar atdı. Yəni prosesdə "lokomotiv" rolu oynadı. Bu kontekstdə dövlət rəhbərinin Macarıstana səfəri və iki ölkənin bu qədər yaxınlaşması heç də təsadüfi deyil. Hətta gələcəkdə hər iki ölkənin münasibətləri daha da inkişaf etdirəcəyini görəcəyik. Bu həm neft, həm də qeyri-neft sektorunda olacaq. Digər tərəfdən dediyim kimi Macarıstanın TDT-nin üzvü olması digər ölkələr üçün birləşdirici rol oynaya bilər".