Naxçıvan-Türkiyə quru sərhədi açılıb

Avtomobillərin keçidinə icazə verilməsi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə əlaqədardır

Fazil Mustafa: “Bu onunla bağlıdır ki, insanlar gündəlik məişət tələbatlarını ödəmək, 5-10 manat çörəkpulu qazanmaq üçün Türkiyəyə rahat keçə bilsinlər ”


  Son zamanlar sərhədlərin qapalı olması ilə bağlı problem ən aktual məsələdir və quru sərhədlərin açılması sosial tələbdir. İnsanların böyük əksəriyyəti pandemiyaya görə bağlanmış sərhədlərin artıq açılmasını tələb edirlər və bu sərhədlərin bağlı saxlanılması üçün heç bir əsas yoxdur.

  Qeyd edək ki, Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib. Dünəndən etibarən Naxçıvan Muxtar Respublikasında yerləşən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilib. Lakin qeyd edilib ki, sərhədi keçmək istəyən şəxslər yalnız Naxçıvan MR vətəndaşları olmalıdır. Onlar öz şəxsi avtomobilləri ilə sərhədi keçə bilərlər. Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa isə qüvvədə saxlanılıb.
  Qeyd edək ki, koronavirus pandemiyası zamanı Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlansa da, Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi. Lakin 2022-ci il iyulun 1-dən etibarən Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid dayandırıldı.

  Ölkə vətəndaşları sözügedən qərarı müsbət qarşılasa da, Gürcüstan- Azərbaycan sərhədi ilə bağlı da analoji addımların atılmasını tələb edirlər.

  Məsələni “Şərq”ə şərh edən millət vəkili Fazil Mustafa isə hesab edir ki, Naxçıvanın  yerləşdiyi coğrafi  mühit səbəbindən bu qərar  ayrıseçkilik kimi dəyərləndirilməməlidir. Yəni hazırkı proseslər fonunda Naxçıvan-Türkiyə sərhədi ilə Azərbaycanın digər quru sərhədlərinin bağlı qalması müqayisə predmeti olmamalıdır:

 “Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilməsi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə əlaqədardır. İranla diplomatik əlaqələrimiz kəsilib, səfirliyimiz fəaliyyətini dayandırıb.  Naxçıvanlılar İran vasitəsilə Bakıya gələ bilmirlər.  Türkiyə ilə sərhəd məntəqəsi də bağlı olduğundan Naxçıvanda təyyarədən başqa nəqliyyat vasitəsi yox idi.  Bu isə insanların çıxışını məhdudlaşdırırdı. Sərhədlərin açılması onlara imkan yaradır ki, gündəlik məişət tələbatlarını ödəmək, 5-10 manat çörəkpulu qazanmaq üçün Türkiyəyə rahat keçə bilsinlər. Hesab edirəm ki, qısa zamanda  avtobusların gediş-gəlişinə qoyulan qadağa da ləğv edilməlidir”. 

  Gürcüstan-Azərbaycan quru  sərhədinin bağlı qalması da  soydaşlarımız üçün çox ciddi problemlər yaradır. Bu qədər narazılığa rəğmən hələ də arzuolunan qərarın  niyə verilmədiyinə gəldikdə isə millət vəkili  deyib ki, bu məsələ bir növ beynəlxalq situasiyalardan asılıdır:

 “Görünür, dünyada COVİD  təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlar artdığı üçün hökumət riskə getmək istəmir. Ancaq  mən də hesab edirəm ki, müəyyən güzəştlər edilə bilər.  Vacib və həyati əhəmiyyətli məsələsi olan insanlar xüsusi buraxılış sənədi ilə quru sərhədini keçə bilər. Elə insanlar var ki, yaşlı valideynləri Gürcüstanda qalıb. Təyyarə qiymətləri baha olduğundan gedib-gələ, onların problemlərini həll edə bilmirlər”.