"Ermənistanla münasibətlər kontekstində Hindistan platformasında iştirakımız vacibdir. Azərbaycan Pakistanla yaxın əlaqələr qurduğuna görə Hindistandan ciddi zərbələr gəlməkdədir".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidməti rəhbəri, beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyib.
Ekspertin qənaətincə, Azərbaycan Hindistanla münasibətləri mütləq qaydaya salmalıdır:
"Ölkəmiz əleyhinə formalaşdırılması nəzərdə tutulan Ermənistan-İran-Hindistan koridoru var. Ermənistan cəbhəsində Hindistanın iştirakına yol verilməməlidir. Xarici İşlər Nazirinin müavini Elnur Məmmədovun Hindistana səfəri əlaqələrin müsbət müstəviyə keçməsindən ötrü fürsəti dəyərləndirməkdir.
Azərbaycan həqiqətlərini dünya, elə Hindistan ictimaiyyətinə çatdırmalıdır. Azərbaycanda Hindistan mədəniyyətinə sevgi mövcuddur. Yumşaq diplomatiya kimi istifadəsinə ehtiyac duyulur. Güman ki, görüşün mühüm hissəsi Hinditanın mədəniyyət elitası ilə əlaqədar olub. Bu, Azərbaycanın hücum diplomatiyasının tərkib hissəsidir".
Qeyd edək ki, martın 3-5-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Raisina Dialoq Forumunda iştirak məqsədilə Hindistan Respublikasına işgüzar səfər edib. Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələri Hindistanı narahat edir. Dehlinin Bakıya "silah" qərəzi, yəni Ermənistanı silahlandırması da diqqətdən yayınmır.