Abdullahianın çıxışı həm də yeni təhlükə gözləntisini gündəmə gətirir
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə görüşündə deyib ki, Tehran Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünə hazırdır. Onun sözlərinə görə, İran Suriya ilə Türkiyə arasında vasitəçi də ola bilər: “Suriya və Türkiyə regionun iki vacib dövlətidir. İran Suriya, Türkiyə və Rusiyanın da iştirak etdiyi üçtərəfli formata qoşulmağa da hazırdır. Bölgədə altılıq platforması layihəsi həm Türkiyənin, həm də İranın marağındadır”.
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə bildirib ki, sonuncu dəfə üçtərəfli görüş gündəmə gələndə Tehrandakı səfirliyimizə qarşı terror aktı törədildi. Ekspertin fikrincə, teraktın sifarişçilərinin İran rejimi daxilindəki münasibətlərin gərginliyində maraqlı olan qüvvələr idi:
"Dövlət başçısı İlham Əliyev də “İran isteblişmentinin nümayəndələri”nə işarə etmişdi. Yalnız sifarişçilər ədalət mühakiməsi qarşısına çıxarıldığı təqdirdə münasibətlərin normallaşmasından danışmağın mümkün olduğunu demişdi. Rəsmi Tehran isə nəinki sifarişçiləri cəzalandırmır, terrorçuya da “dəli” adı qoyub məsuliyyətdən yayındırır. Bunun fonunda “üçtərəfli görüş”dən bəhs etmələri o deməkdir ki, Tehran Bakının tələblərini nəzərə almaq niyyətində deyil. Abdullahianın çıxışı həm də yeni təhlükə gözləntisini gündəmə gətirir. Çünki Bakı-Tehran xəttində təmasları baltalamaq üçün terakta əl atan rejim daxilindəki qüvvələr “üçtərəfli görüş”ün qarşısını almaq məqsədilə Azərbaycana qarşı yenidən hərəkətə keçə bilər".
Analitik hesab edir ki, Təbrizdəki konsulluğumuzun bu qüvvələrin hədəfində ola biləcəyi də istisna edilməməlidir:
"Bu baxımdan, rəsmi Tehranla münasibətlərin normallaşmasından yalnız həmin qüvvələri neytrallaşdırdığı halda bəhs etmək mümkündür. İranlı nazir Ankarada “sionist” iddialarını da təkrarlayıb. Bildirib ki, “sionistlərin Qafqazda mövcudluğu regionun sülh və sabitliyinə ciddi təhlükədir”.
Bu, Bakıya qarşı səslənmiş fikirdir və bunu Ankarada dilə gətirmələri Türkiyə üzərindən Azərbaycana təsir etməyə cəhdidir. Halbuki Abdullahian Ankarada “sionistlər Qafqazdadır” dediyi vaxt İsrail Suriyada İrana bağlı qüvvələri yenidən darmadağın edib. Tehran isə hələ də Qafqazda “sionist” axtarır".