Deputatdan REAKSİYA:“Yeni müharibə təhlükəsi realdır”

"Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsi realdır. Ermənistanın son addımları belə deməyə əsas verir". 
Bunu  "Sherg.az"a açıqlamasında millət vəkili Fazil Mustafa prezident İlham Əliyevin "Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik” açıqlamasını dəyərləndirərkən deyib. Parlamentari bildirib ki, Azərbaycan hər bir təxribata qarşı ciddi hazırlığa malikdir: 

"Çox sərt şəkildə istənilən həmlənin qarşısında dura biləcək gücə sahibik. Rəsmi İrəvan reallıq hissindən yenidən uzaqlaşmaqdadır. Ermənistanı savaşa təhrik edən qüvvələr yaxın zamanlarda peşmanlığını çəkəcəklər. Azərbaycana revanşist duyğular bəsləyərək mübarizə aparmaq Ermənistana fayda qazandırmayacaq. Daha da rəzil olacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib:"Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik. Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib".