"Bu dəfə həbs edilən şəxs yerli yox, xarici ölkə vətəndaşıdır. İndiyə qədər daha çox Azərbaycan vətəndaşlarının casusluq etdiyi barədə informasiyalar yayılırdı".
Bu sözləri "Sherg.az"a təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşının həbs edilməsindən danışarkən söyləyib. Onun sözlərinə görə, daha çoxu İranın xüsusi xidmət orqanlarına işləyənlərdən 32 nəfər, ondan əvvəl isə 39 nəfər aşkar edilib:
"Keçən ilin noyabr ayında da bir qrup dindarlar casusluq etdikləri üçün həbs olunmuşdular. Bütün bunlar yalnız Azərbaycan deyil, xarici ölkə vətəndaşlarının da ölkəmizin əleyhinə agentlik etdiyini göstərir. İran dövlətinin xeyrinə müəyyən informasiyalar ötürürlər. Sözügedən faktın özü belə, ciddi uğurdur. Xüsusi xidmət orqanlarımız xarici ölkə vətəndaşlarının casusluq fəaliyyətinin qarşısını alıblar. Adətən, İran maksimum çalışır ki, məlum əməlin həyata keçirilməsində azərbaycanlılardan yararlansın".
Mütəxəssis vurğulayıb ki, bu istiqamətdə görülən təmizləmə işləri çox böyük effekt verir:
"Proseslər Azərbaycan əleyhinə fəaliyyətdə olan qüvvələri sıradan çıxarır. Eyni zamanda belə bir yola düşməyə hazırlaşanları da profilaktika edirlər. Agentura şəbəkəsini ifşa etmək asan məsələ deyil. Çünki məxfi işləyirlər. Açıq şəkildə fəaliyyət göstərmədikləri üçün onları müəyyənləşdirmək zaman alır. Deyirlər ki, casusluq dünyanın ikinci peşəsidir. Bu cinayətkar fəaliyyət hər zaman olub, var və davam edəcək. Casusluq peşəsinin sonu yoxdur. Hətta biri-birilə normal münasibətdə olan ölkələr belə, agentlərdən istifadə edirlər".
İ.İsmayıl diqqətə çatdırıb ki, casusluqla məşğul olanları zərərsizləşdirmək üçün ilk növbədə, din bayrağı altında Azərbaycan vətəndaşlarının İrana işləməsi istiqamətində xüsusi maarifləndirmə prosesi aparmaq lazımdır:
"Bilməlidirlər ki, onların əsas məqsədi din yox, Azərbaycana qarşı təbliğatlardır. Ölkəmizin təhlükəsizliyinə xələl gətirmək istəyirlər. Lakin hər zaman bu və ya digər şəkildə qarşısı alınacaq. Azərbaycanın xüsusi xidmət orqanlarının bu istiqamətdəki fəaliyyəti, işi uğurludur. Dövlətimiz üçün ən böyük təhlükə təkcə müharibə deyil, eyni zamanda casusluqdur. Nəticə etibarilə, hər zaman ayıq-sayıq olmaq lazımdır".
Qeyd edək ki, Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Bildirilib ki, istintaq olunan cinayət işi üzrə aparılan araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət işi üzrə araşdırmalar davam edir.