“Zəngəzur dəhlizinin açılmasında Almaniyanın maraqları...” – ŞƏRH


“Çünki bu ölkə enerji problemi ilə üz-üzədir”

"İndiki geosiyasi vəziyyətdə dəhlizin açılması Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər əsasında baş tutacaq. Belə halda Ermənistan tərəfi “mili maraqlarından” imtina etmək məcburiyyətində qalacaq. Ona görə də, Zəngəzur dəhlizinin açılması prosesini ləngitməyə çalışır".
Bunu "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekpsert Həşim Səhrablı deyib.
Hərbi-siyasi ekspertin qənaətincə, Ermənistan bir az gücləndikdən sonra yolun açılmasını istəyir:

"Bölgədə status-kvonu dəyişib, öz milli maraqları hesabına nəticələr əldə etmək niyyətindədir.  
Hazırda Qərbdə Azərbaycan əleyhinə siyasət aparılır. Yəni Fransa Azərbaycanın milli maraqlarını həyata keçirməsini əngəlləməyə çalışır. Ermənilərə havadarlıq etməklə məqsədlərini reallaşdırmağa can atır. Almaniya Avropa İttifaqında  iki əsas ölkədən biridir. Eləcə də, Qərb Avropasında ən güclü iqtisadi liderdir. Almaniya Azərbaycan əlaqələrinin inkişafı ilə Qərbdə Fransanın neytrallığının təmin edilməsinə hesablanıb. Neytrallıq yaranmasa belə sabitləşdirici rol oynasın".

H.Səhrablı bildirib ki, Zəngəzur dəhlizinin açılması, Azərbaycanla münasibətlərin qurulması Almaniyanın da maraqlarına uyğundur. Çünki Almaniya enerji problemi ilə üz-üzədir:

"Həmişə enerji ehtiyacını Rusiya bazarından ödəyirdi. Artıq Rusiyaya qarşı formalaşan cəbhə mövcuddur. Almaniyanın enerji asılılığı anti- Rusiya addımında effektiv nəticələrin qazanılmasına maneçilik törədir. Almaniya da enerji aslılığına son qoymağa səy göstərir. Bu, həmçinin Avropa və Qərb dövlətlərinin birgə marağıdır. Almaniya Azərbaycanı uğurlu enerji tərəfdaşı kimi görür. 

Zəngəzur dəhliznin açılması yeni reallıqlar yaradacaq. Təkcə ənənəvi enerji deyil, eyni zamanda “yaşıl enerji” və digər ticarət əlaqələri baxımından karidorun açılması Almaniyaya, Qərbə, bütün Avropaya parlaq gələcək vəd edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb. Toplantı zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunub. Prezident İlham Əliyev dəhlizin bütün region üçün alternativ dəhliz yarada biləcəyini diqqətə çatdırıb. Eyni zamanda Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olduğu vurğulanıb.