Azər Ayxan: “Onun Azərbaycana uzun müddət faydası toxunacaq”
Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ, təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatının olması Azərbaycan xalqını dərindən sarsıdıb.
Dəhşətli hadisə baş verən andan etibarən Azərbaycan dövləti qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Azərbaycan hər zaman olduğu kimi bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu.
Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə birinci reaksiya verən təşkilatlardan oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.
Heydər Əliyev Fondunun fəaliyyətini “Şərq”ə dəyərləndirən Əməkdar jurnalist Azər Ayxan bildirib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi bütün layihələr uğurludur: “İstər Heydər Əliyev Fondunun rəhbəri kimi, istərsə də ölkənin birinci vitse-prezidenti vəzifəsində təmsilçiliyi Azərbaycanın gələcəyinə böyük töhfələr verir. Bu istiqamətdə görülən işlər həm indi, həm də gələcək üçün nəzərdə tutulub. Heydər Əliyev Fondu Azərbaycanın tarixi keçmişi ilə bağlı da ciddi layihələrə imza atıb. Həmçinin ölkəmizin mədəni irsinin qorunmasında, təbliğində, gələcək nəsillərə keyfiyyətli şəkildə çatdırılmasında mühüm rol oynayan institutdur. Sözügedən Fond sözün əsl mənasında bir məktəbdir və onun Azərbaycana uzun müddət faydası toxunacaq.
Heydər Əliyev Fondu Türkiyəyə humanitar dəstək göstərib. Türkiyə-Azərbaycan qardaşlığının hansı səviyyədə olduğunun bariz nümunəsidir. Mehriban Əliyevanın şəhid ailələri, qazilərlə, aztəminatlı ailələrə yanaşması gözönündədir. Bir dəfə Prezident İlham Əliyev və Mehriban xanım şəhid ailəsində qonaq olmuşdular. Ailə ilə sağollaşanda M.Əliyeva şəhid anasını qucaqlayıb göz yaşları axıtdı. Bu, qardaşının yaxşı gününə sevinən, pis gününə, kədərinə şərik çıxan Azərbaycanın ümumiləşmiş qadın obrazıdır. O, eyni fədakarlığı Türkiyədəki zəlzələ zamanı sərgilədi”.