“Biz barışıqdan yanayıq, amma ermənilər mina basdırmağa davam edirlər, Qarabağa silah daşıyırlar”
“Ermənistana bir söz deyən yoxdur. Beynəlxalq təşkilatlar susmağa davam edir”
"Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında olan rayonlarımızı darmadağın edib, yerlə-yeksan qoyub".
Bunu "Sherg.az"a sabiq deputat Flora Qasımova Ağdamda iki nəfərin minaya düşüb, həlak olmasından danışarkən deyib.
Keçmiş millət vəkilinin sözlərinə görə, işğaldan azad etdiyimiz torpaqlarda çox sayda mina basdırıblar:
"Bundan sonra da analoji hadisələr olacaq. Qəzəb hissimi boğa bilmirəm. Ermənistana bir söz deyən yoxdur. Beynəlxalq təşkilatlar susmağa davam edir. Axırıncı Aşırım filmində deyildiyi kimi, "Abbasqulu bəyin nazı ilə çox oynayırıq ha, Kərbəlayi!". Həqiqətən də, Ermənistanın nazı ilə çox oynayırıq.
Özü də adıçəkilən millətdə utanmaq da yoxdur. Deyirlər ki, azərbaycanlılar ermənilərə qarşı nifrət hissi yaradırlar. Lakin bunu bizim yox, özlərinin etdiyini anlamırlar. Gənclərimiz, övladlarımız şəhid oldu, şəhərlərimiz, kəndlərimiz dağıdıldı. Eyni zamanda hərbçilərimiz və dinc sakinlərimizdən kimi minaya düşərək, həyatını itirdi, kimi də şikəst qaldı.
Etdikləri barbarlıqlar qarşısında təbii ki, bizdə düşmənlərimizə qarşı nifrət hissi oyanacaq. Qarabağda yaşayan ermənilərə sual vermək lazımdır ki, yenə övladlarının meyidlərini qarşılamağa hazırdırlarmı?! Səngərləri nə məqsədlə qazırlar?! Biz barışıqdan yanayıq, amma onlar mina basdırmağa davam edirlər, Qarabağa silah daşıyırlar.
Azərbaycanı ermənilərin tarixi, mədəni abidələrini dağıtmaqda günahlaşdırır və qınayırlar. Lakin gəlib, yoxlamalar həyata keçirə bilərik. Əslində biz yox, düşmən ölkə azərbaycanlılara məxsus mədəni, dini abidələri məhv edib, adlarımızı erməniləşdirib. UNESCO-dan tələb edirik ki, ermənilərin törətdiyi cinayətləri araşdırsınlar. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, elə bil bu ərazilərdən vəhşi qəbilə keçib. İndi isə barışığa üzləri yoxdur".
Qeyd edək ki, Ağdamda iki nəfər minaya düşərək həlak olub.
DİN-in verdiyi məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Bununla bağlı ABŞ-nin ölkəmizdəki səfirliyindən bildirilib ki, Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və köçkünlərin təhlükəsiz qayıdışına mane olur.