"İranın Azərbaycana mövqeyi əvvəldən bəlli idi. Rəsmi Tehran elə ölkəmizin müstəqillik əldə etdiyi ilk illərdən anti-Azərbaycan xətti yeridirdi".
Bunu "Sherg.az"a siyasi şərhçi Həşim Səhrablı Azərbaycan MN-nin İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərinə münasibət bildirməsindən danışarkən deyib. Onun sözlərinə görə, sadəcə bunu ilk illərdə ermənilərin əli ilə edirdilər:
"Çünki bir vaxtlar Azərbaycanda olan hərc-mərclik, siyasi xaos kimi neqativ hallar Ermənistana, İrana, anti-Azərbaycan qüvvələrinə imkan verirdi ki, ermənilər qədər zəif və gücsüz toplum ölkəmizə hərbi müdaxilə etsinlər. Həmçinin işğal niyyətlərini həyata keçirsinlər.
Rəsmi Tehran da ilk başlarda erməni kartını istifadə edərək, anti-Azərbaycan siyasətini gizlətmişdi. Eyni zamanda düşmən ölkə üzərindən dövlətimizə qarşı mövcud niyyətlərini həyata keçirməyə cəhd göstərirdilər. Amma 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra bölgədə "status-kvo" dəyişdi. O həddə çatdı ki, artıq İran və digər bütün anti-Azərbaycan qüvvələri öz xarici siyasət xətlərini də dəyişdirmək məcburiyyətində qaldılar.
Məhz bu addımların nəticəsi olaraq, artıq görürük ki, İran da daxil olmaqla həmin qüvvələr açıq-aşkar Azərbaycana qarşı məqsədlərini, ölkəmizin zəifləməsinə və vurulmasına "istiqamətlənmiş" addımlarını reallaşdırırlar. Bugünkü gərginliklər də, İranın Azərbaycana açıq-aşkar iftiralar atması da məlum prosesin məntiqi nəticəsi və davamıdır. Bundan sonra da bənzər cəhdlər İran tərəfindən davam edəcək. Artıq diplomatik və siyasi bir qarışıq bir müharibə başlayıb.
Amma əslində hadisələr bu çərçivəni də aşıb. Məsələn, Azərbaycanın İrandakı səfirliyinə terror hadisəsi, eyni zamanda deputat Fazil Mustafanın güllələnməsi də bunun sübutudur. Doğrudur, millət vəkilinə silahlı hücumun İranla əlaqəli olması ilə bağlı rəsmi məlumat yoxdur. Amma proqnozlar bu yöndədir. Analoji iddialar və baş verən reallıqlar göstərir ki, artıq krizlər, qarşıdurmalar daha ciddi müstəviyə keçib. İrəli növbəti periodda hərbi qarşıdurmanın olması kimi ehtimallar var.
Lakin yaxın dövrlərdə İran-Azərbaycan münasibətlərində ziddiyyətlərin, çəkişmələrin daha da artmasını, gərginləşməsini görə bilərik. Eyni zamanda ölkəmizə qarşı bu və ya digər formada yaşadığımız, ondan daha ciddi terror niyyətləri, hücumlarını da görə bilərik. Buna görə də hazırlıqlı olmaq lazımdır. İndiki vaxtda Azərbaycan çox ciddi ümumi və geosiyasi proseslərə qoşulur. Burda çox yaxşı təmsil olunur. Əldə etdiyimiz uğurlar çox əhəmiyyətlidir. Təbii ki, anti-Azərbaycan qüvvələri bunu istəmir. Ona görə də bizə qarşı hər şəkildə təxribatlar gözləniləndir".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlərinə cavab verib.
K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir.
Bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.
Bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və təmamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyil.
Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır. 44 günlük Vətən müharibəsində Azərbaycanın güya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, Şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək, zəfər səlnaməsi yazıb. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyil. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur".