"Prezident İlham Əliyev sülh müqaviləsinin bağlanmasına da nail olacaq" - Politoloq 

"Rusiyanın Cənubi Qafqaz siyasətini Azərbaycan neytrallaşdıra bilib"

"Moskvada keçirilən üçtərəfli görüşdə yalnız kommunikasiyaların açılması istiqamətində birgə komissiyanın iclasının keçirilməsi razılaşdırıldı". 

Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər: 

"Birgə Komissiya çoxdan təsis edilib. Amma, fəaliyyətində hər-hansı bir müsbət dinamika olmayıb. Rusiya məhz razılaşmaların yerinə yetirilməsində maraqlı deyil. Moskvada iki məsələ barədə sənəd imzalanması deyilirdi. Amma, heç bir sənəd və bəyannamə qəbul edilmədi. Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasından sonra, Moskva görüşündə Kremlin təklif edəcəyi hər hansı bir təklif qəbul edilməyəcək. Rusiya Qarabağı Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü kimi qəbul etməsini gözləmirdi. Ona görə də Moskva görüşü nəticəsiz oldu. Bu, Azərbaycanın maraqlarına xidmət etməklə yanaşı, Brüssel formatının uğurlu olacağını göstərir. Rusiyanın Cənubi Qafqaz siyasətini Azərbaycan neytrallaşdıra bilib. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına da nail olacaq".