Televiziyalar spirtli içki reklamından dolanır? - Qulu Məhərrəmli aydınlıq gətirdi

"Televiziya kanallarında içkilərlə bağlı reklamlar bütün gün ərzində təbliğ oluna bilməz".
Bunu"Sherg.az"a açıqlamasında Qulu Məhərrəmli telekanallarda spirtli içkilərlə bağlı reklamların artması iddiasına münasibət bildirərkən deyib:

Ekspert bildirib ki, bu cür reklamaların gün ərzində verilməsini reklam və media haqqında mövcud  qanunveriçilikdə qadağan edilir:
"İkincisi bizdə bütün məsələlərdə ölçü pozulduğu kimi, spirtli içki və tütün məmulatlarının reklamında da ölçü yoxdur. Həmçinin digər istehsal və xidmət sahələri ilə müqayisədə, bu sahənin reklamına daha çox kapital qoyulduğu görünür. Ona görə də bu şəkildə önə çıxır".
Q.Məhərrəmlinin sözlərinə görə, vizual və audiovizual reklamlar, qanunla tənzimlənir:
"Yəni ölçülərin həddinin keçməsi mümkün deyil. Çünki bununla bağlı ölkədə Reklam Agentliyi fəaliyyət göstərir. Məncə, icracı qurum kimi onlar da bu məsələdə müəyyən rol oynayırlar".

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanın televiziya kanallarında bütün gün ərzində spirtli içki reklamlarının efirə verilməsi ilə bağlı iddialar və narazılıqlar gündəm olub.