Türkiyənin yeni döyüş təyyarələri ordumuzun arsenalına daxıl ediləcək  - Hərbi ekspert  

"Regionda təhdidlər davam etdikcə ordunun gücləndirilməsi dövlətin prioriteti olaraq qalacaq"

"Azərbaycan Ordusu yeni müasir silah və hərbi texnikalar alacaq".
Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə deyib.
Dövlət başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan nazir bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcəkdir.

Məsələyə münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a söyləyib ki, regionda yeni çağırışlar yaranıb:



"İndi Ermənistanın silahlanması üzərinə revanşist bəyənatları var. Xüsusən də onlar Fransanın, İranın, Hindistanın hesabına öz silahlı qüvvələrini ayağa qaldırmağa çalışırlar. Bunun üzərinə Azərbaycana qarşı təhdidlər fonunda İran da Ermənistanın yanında yer alır. Bu isə Azərbaycan silahlı qüvvələrinin önündə yeni çağırışların yaranması deməkdir. Ona görə də müdafiə qabiliyyətimiz və təhlükəsizlik konsepsiyamızın güclındirilməsi üçün maliyyə vəsaitlərinin ayrılması vacibdir. Vəsait isə ordumuzun yeni nəsil müasir texnologiyalar ilə silahlanması üçün istifadə edilir. Düzdür ordumuz 4-cü nəsil texnalogiyaları ilə dəstəklənən hava hücumu vasitələrini Türkiyə və İsraildən təmin edir. Ancaq PUA-ların yenidən modifikasiya olunmuş variantları istehsal edilir. Xüsusən də Türkiyə istehsalı olan "Akıncı" və "Qızıl alma"nın gələcəkdə Azərbaycan silahlı qüvvələrinin arsenalına daxil edilməsi mümkündür".

Ekspert əlavə edib ki, orduya ayrılan vəsait yeni nəsil silahlı qüvvələrinin formalaşmasını dəstəkləyəcək:

" Həmçinin İsrailkə əməkdaşlıq çərçivəsində yeni hava hücumlarından müdafiə sistemləri də alına bilər. Hətta Türkiyədən yeni döyüş təyyarələri, xüsusən də qırıcıların ordumuzun arsenalına daxıl edilməsi haqqında danışıqlar aparılır. Digər tərəfdən Pakistanla da hərbi əməkdaşlıq gücləndirilir. Ümumiyyətlə regionda təhdidlər davam etdikcə ordunun gücləndirilməsi dövlətin prioriteti olaraq qalacaq. Bu fonda isə ordumuzun yeni mərhələyə keçidi gözlənilir".