Rəsmi Bakı "Avropa siyasi birliyi"ni ciddi platforma hesab edir 


Naqif Həmzəyev: "Yeganə istəyimiz Ermənistanla sülh anlaşmasının imzalanması, bölgə ölkələrinin iqtisadi inkişafıdır"

  Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Paytaxt Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparıblar.

Həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələri müzakirələr zamanı bərabər səslə təmin edən nadir və misilsiz platforma olan “Avropa siyasi birliyi”nin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirməkdir. Həmçinin Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib. Növbəti iki toplantı müvafiq olaraq İspaniyada və Böyük Britaniyada keçiriləcək. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib ki, Aİ özünün strateji hədəflərini genişlənmə ilə məhdudlaşdırmamalıdır. Onun sözlərinə görə, Aİ-nin geosiyasi liderliyinin güclənməsi ilə beynəlxalq ictimaiyyətin ondan gözləntiləri artır: "Həmin gözləntilər bir sıra qonşuların Aİ ilə yeni münasibətlər qurması ilə əlaqədardır. Bu isə Reykyavikdən Bakıya, Oslodan Ankaraya uzanan geosiyasi birlikdən qaynaqlanır”. 
  Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ikinci dəfə təşkil olunan bu tədbirin hər ikisinə dəvət edilməsi Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Bu həm də, onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır. Eyni zamanda qitənin və Aİ-nin gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir. Bu isə son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycanla hesablaşırlar. Ölkəmizin bu tədbirlərə mütəmadi dəvət olunması həm də dövlətimizin başçısının şəxsi nüfuzunu, Azərbaycanın dünya miqyasında mühüm aktora çevrildiyini, beynəlxalq proseslərə təsir etmək imkanına malik olduğunu nümayiş etdirir. Bu platformanın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçıları ildə iki dəfə görüşürlər. Zirvə toplantılarında hər hansı yekun sənəd qəbul olunmur. 
  Xatırladaq ki, Prezident İlham Əliyevin Praqa görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı səsləndirilən fikirlər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş kimi tanındığını, ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğunu növbəti dəfə təsdiqləyir. Həmin tədbirdə dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Sammit çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı dövlətimizin başçısı ikitərəfli və çoxtərəfli münasibətlər, yeni geosiyasi reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın aydın və prinsipial yanaşmasını, qətiyyətli mövqeyini ortaya qoydu. Praqa Zirvə toplantısı ilə bağlı daha bir məqam ondan ibarətdir ki, Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı tərəflər 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. 
 
 Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a  bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində yaxından iştirakı, Aİ-nin yaxın tərəfdaşı olması dövlət başçısı İlham Əliyevin Sammitə dəvət almasını şərtləndirən amillərdəndir. Deputatın sözlərinə görə, Prezident İlham Əiyevin Avropada, dünyada yüksək nüfuzunun olması, şəxsinə böyük rəğbət bəslənilməsi ölkə başçısının ikinci dəfə Sammitə qatılmasına səbəb olub:

 "Cənab Prezident, sadəcə, Azərbaycan üçün önəm kəsb edən məsələlərin həllində yox, eləcə də regional, qlobal məkanda baş verən proseslərin müzakirəsində də əsas aktorlardan birinə çevrilib. Dünya liderləri içərisində dövlət başçısının adı xüsusilə qeyd edilməkdədir. Heç kəsə sirr deyil ki, Avropa özünün çətin dövrünü yaşayır. Bu həm enerji böhranı ilə əlaqədardır, həm də Rusiya-Ukrayna müharibəsi fonunda yaranmış gərgin vəziyyətlə bağlıdır. Ukraynadan Avropaya üz tutan qaçqınların sayı da kifayət qədər çoxdur. Belə vəziyyətdə Avropanın enerji təhülkəsizliyində aktiv iştirak edən, Azərbaycan qazını qitəyə çatdıran bir liderin Sammitdə iştirakı böyük önəm kəsb edir. Eyni zamanda Cənubi Qafqazda normallaşma prosesinin tez zamanda baş verməsi üçün Qərb də öz səylərini birləşdirir. Kollektiv Qərb Rusiyanın əlinin bölgədən çəkilməsini istəyir. Azərbaycan üçün vasitəçinin kimliyi önəmli deyil. Sülh müqaviləsinin harada imzalanacağı əhəmiyyət kəsb etmir. Yeganə istəyimiz Ermənistanla sülh anlaşmasının imzalanması, uzunmüddətli sülhün əldə olunması, kommunikasiyaların açılması, bölgə ölkələrinin iqtisadi inkişafıdır. Rəsmi Bakı bu hədəflərə nail olmaq üçün ciddi fəaliyyət göstərir və bütün mümkün variantlardan istifadə edir. Bu baxımdan "Avropa siyasi birliyi"nin ikinci Zirvə görüşü də mühüm platforma hesab olunur".