Laçında əhalinin rahat yaşayışı təmin edilir  

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Şəhər tək regionun deyil, dünyanın ən gözəl diyarına çevrilir

  Laçınlıların doğma yurda qayıdışı Azərbaycanın böyük qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinin yaratdığı reallığın daha bir bariz nümunəsidir. Laçında tikinti-quruculuq işlərinə başlanması, ardınca isə laçınlıların doğma yurdlarına qayıdaraq məskunlaşması Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı və bilavasitə nəzarəti altında icra olunan “Böyük Qayıdış” proqramının növbəti mərhələsidir.


 Bu barədə cənab Prezident may ayının 28-də Laçın şəhərinə səfəri zamanı laçınlılarla görüşündə qeyd etdi. Məlumdur ki, cənab Prezident məhz 28 May – Müstəqillik Günündə Laçına səfər edib, Laçın şəhərinə qayıtmış əhali ilə görüşərək evlərinin açarlarını onlara təqdim edib. Görüşdə Prezident İlham Əliyev vacib mesajlar səsləndirib. Prezident qeyd edib ki, laçınlıların doğma yurda Müstəqillik Günündə qayıdışı ikiqat bayramdır. “Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək. Bununla paralel olaraq indi tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Dünən mənə göstərilən təqdimatda gördüm ki, onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və gördüyünüz kimi, bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib”, söyləyən dövlət başçımız ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun çox qısa zamanda cənnətə çevrildiyini qeyd edib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Prezident bildirib ki, Kəlbəcər və Laçın rayonlarında yeni yaradılan və yaxın gələcəkdə istifadəyə veriləcək kəndlərin təməlqoyma mərasimlərində iştirak edib. Bu o deməkdir ki, azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır: “Bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilib və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik”. Prezident məcburi köçkünlərin 30 ilə yaxın müddətdə həm fiziki, həm də mənəvi əzab çəkdiyini xatırladaraq Qarabağın işğaldan azad edilməsinə aparan yolun güclü dövlətdən, güclü iqtisadiyyatdan və güclü ordudan keçdiyini və aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində buna nail olunduğunu deyib: “Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! ...Və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu”. 

Laçınlıların doğma yurda qayıdışını Azərbaycanın daha bir təntənəsi olduğunu vurğulayan Milli Məclisin deputatı, professor Kamilə Əliyeva “Şərq”ə açıqlamasında qeyd etdi ki, ermənilər Azərbaycanın təqdim etdiyi imkanları doğru dəyərləndirməyə çalışmalıdır: 


- Mənfur qonşumuz, faşizm ideologiyasının daşıyıcısı olan Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladı. Bu müddət ərzində şəhər və kəndlərimizi viran qoydular, taladılar. İnsanlarımızı qətlə yetirməklə yanaşı təbiətimizi də məhv etdilər. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra erməni işğalına son qoyuldu. Azərbaycan dövləti böyük inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev tərəfindən güclü Azərbaycan Ordusunun təməli qoyuldu. 
  Prezident cənab İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi. Azərbaycan xalqının Prezident cənab İlham Əliyevə inamı, öz lideri ətrafında sarsılmaz birliyi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müharibədən dərhal sonra azad edilmiş ərazilərimizdə quruculuq və abadlıq işlərinə başlanıldı.
  Prezident cənab İlham Əliyev öz doğum günündə, milli bayramlarımızda işğaldan azad edilmiş torpaqlarımıza səfərlər edir, infrastruktur, sosial obyektlərin, yaşayış binalarının, istehsal müəssisələrinin təməlqoyma, açılış mərasimlərində iştirak edir. Səfərləri zamanı ölkə başçımız işğaldan azad edilmiş şəhər və kəndlərimizin sakinləri ilə bir arada olur. Əlamətdar günlərdə öz xalqı ilə bir arada olması, onlarla səmimi söhbət etməsi ölkə başçımızın öz xalqını ürəkdən sevməsini, hər bir vətəndaşımıza diqqət və qayğı ilə yanaşdığının nümunəsidir. 
  Müstəqilliyimizin 105-ci ildönümündə Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş Laçına səfər etdi və sakinlərlə görüşdü. Bu o Laçın idi ki, 28 il işğal zamanı ermənilər bu şəhəri də viran qoymuşdular. Prezident cənab İlham Əliyev Laçını tək regionun deyil, dünyanın ən gözəl bir diyarına çevirib. Görüşdə ölkə başçımız Laçın rayonunun bir qrup sakininə yeni inşa edilmiş evlərin açarlarını təqdim etdi. Bu, adi bir görüş deyildi. Azərbaycan dövlətinin necə güclü, qüdrətli bir dövlət olduğunun nümunəsi idi. Görüşdə Prezident cənab İlham Əliyev Ermənistana və Qarabağdakı separatçılara son şans və sonuncu xəbərdarlıq da etdi. Separatçıların ağlı olsa, bu şansı dəyərləndirməlidir və əfv olunmaları üçün ölkə başçımıza müraciət etməlidirlər. Əks halda aqibətləri çox ağır olacaq. Separatçılar bilməlidilər ki, Prezident cənab İlham Əliyev nə deyibsə, ona da əməl edib.