İran Fərid Səfərlini oğurlayıb: Bütün ittihamlar əsassızdır

  Üç ay əvvəl müəmmalı şəkildə itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli İranda həbs edilib. Bu barədə Musavat.com-a açıqlamasında Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib. O qeyd edib ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən ünvanlanan məktubda bildirilib: “Bu gün XİN-dən məktub aldıq, orada bildirilir ki, Fəridi İranda casusluq maddəsi ilə həbs ediblər. Mən sabah Prezident İlham Əliyevə müraciət hazırlayacağam. Oğlumun oradan qurtulması yalnız ölkə başçısının köməyi ilə ola bilər. Çünki casusluq elə bir ittihamdır ki, Prezident bu məsələyə müdaxilə etməsə, inanmıram uşağı oradan xilas etmək mümkün olsun”.
  Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin sözlərinə görə, Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı səfirliyinə nota ünvanlanıb: “Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfərlinin ailəsinə müvafiq məlumat verilib".
  "Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən həm Xarici İşlər Nazirliyi, həm də Təbrizdəki Baş Konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılır. Bununla yanaşı, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş Konsulluğumuzun Fərid Səfərli ilə görüş keçirməsi üçün tədbirlər görülür".

  İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə baş verənləri “İran molla rejiminin primitiv, “Fəridi oğurlama” əməliyyatı adlandırıb. 

  F.Səfərliyə qarşı irəli sürülən casus ittihamının əsassız, onun həbsinin isə qanunsuz olduğunu deyib: “Həbs qanuni olsaydı, İran tərəfin Azərbaycan XİN-in rəsmi sorğusuna cavabı 3 ay gecikdirilməz, yəni Fərid Səfərli faktiki itkin, oğurlanmış statusda saxlanmazdı. İrana səfərə, oğlunu axtarmağa gedən anaya, İran rəsmiləri "oğlunuzdan xəbərimiz yoxdur", deməzdilər. Bu 3 ayda, Fəridin üzərində nə istintaq hərəkətləri aparılması, nə müdafiə vəkili barədə vətəndaşı olduğu Azərbaycan tərəfi məlumatlandırmayıb. Bu, beynəlxalq hüquq qaydalarının pozulması deməkdir. 
  Deməli, F.Səfərli İranın xüsusi xidmət orqanlarının "xüsusi planı" əsasında aldadılmaqla oğurlanıb, İrana gətirilib. Bunun üçün də Almaniyada eyni universitetdə təcrübə keçən iranlı qızla Fəridin sevgili olmasını bilərək bundan istifadə ediblər. Xaricə, xüsusən Qərbə, Avropaya işə, oxumağa gedən bütün şəxslər İran “X” orqanları nəzarəti altında olur, bir qayda olaraq, onların yazışma, danışıqları və s. Bu sevgi münasibətinin digər tərəfində azərbaycanlı gənc olduğunu biliblər. Və İranın Azərbaycanla münasibətlərinin xeyli kəskin dövrü bu cür fürsətdən istifadə etməyi düşünüb, güman ki, xüsusi əməliyyat qurublar. 
  Bunun üçün İrana dönən həmin həkim qızı və ailəsini təzyiqlə qorxudublar. Və onun adından Fəridlə yazışma qurub əvvəl duyuq düşməsin və Almaniyada da valideyni İran adını eşidərək mane olmasın deyə, İstanbulda görüşə çağırıb gözləyiblər. Fərid də İstanbul rahat yer olduğu üçün görüşə gedib. Ola bilsin, hələ qızı məcbur edib Fəridlə telefonla danışdırıblar, dəvət üçün.
  Fərid İstanbula gedəndə isə qız təbii ki, gəlməyib oraya. Bir neçə gün gözlətdirib ki, gəlirəm, belə metodla Fəridi üzüntüdə saxlayıb bildirir ki, heç cür gələ bilmir, özü bilet alıb gəlsin Tehrana, burda görüşək. Və valideynləri ilə də tanış edəcəyini bildirib. Fəridinsə, İstanbuldan geriyə, Almaniyaya bileti olub Tehrana yeni bilet almağa imkanı olmayıb. Tehrana uçmağı barədə anasına da xəbər edib narahat etmək istəməyib və orada tanışlardan borc alaraq, Tehrana bilet alıb səmimi sevgi ilə oraya uçub. Düşünürəm ki, olsun ki, bilet pulu məsələsinə də, Tehran "qız tərəf" kömək etmiş!
  Beləliklə, Fərid Səfərli Tehrana uçur, çatan kimi də, bu, sevgi dalınca gedən səmimi və məsum gənci dərhal İran ETTELAATI caynağına keçirir. Budur, ən real və səhih ehtimallara görə, İranın Azərbaycana qarşı düşükcə "casus" əməliyyatı.
  Azərbaycan İrana casus üçün Almaniyadan bir tibb fakültəsi tələbəsini niyə seçsin ki? Bakıda İran şəbəkəsinin minlərlə satqını elə İrana qarşı "verbovka" üçün hazır olduğu halda? Və yaxud Almaniyadırsa, İrana casus göndərən, nədən ki, Azərbaycan tələbəsindən istifadə etsin əgər ki, Almaniyada minlərlə "hazır" iranlı olduğu halda? Molla rejiminə uyğun, primitiv əməliyyatdır bu! Fərid Səfərlini oğurladığı kimi də, geriyə təhvil verməlidir İran. Məcbur olub bunu edəcək. Azərbaycan dövləti, strukturları əvvəl gündən vətəndaşı üçün lazımi addımlarını atıb və atar”.