Ermənistan informasiya terrorunda təcrübəlidir  - Ekspert

Təhdidlərin qarşısını almaq üçün Azərbaycanda beyin mərkəzi yaradılmalıdır

"Azərbaycanın şanlı ordusu aprel döyüşlərində də, 44 günlük İkinci Qarabağ müharibəsində də Ermənistanın regiondakı nüfuzunu, yaratmış olduğu mifi darmadağın etdi. Düşmən ölkə bütün cəbhələrdən "iti qovan kimi, qovuldu"".

Bunu "Sherg.az"a internet-media eksperti Səbuhi Abbasov Ermənistanın Azərbaycan Ordusunun Aİ müşahidəçilərini atəşə tutması ilə bağlı dezinformasiya yaymasından danışarkən deyib. Onun sözlərinə görə, qarşı tərəfin əlində qalan yeganə silah informasiyadır: 

"Ermənistanın informasiya terrorunda həm regional, həm də qlobal səviyyədə kifayət qədər ciddi təcrübələri var. Bu praktikadan da Azərbaycana qarşı istifadə etməyə başlayıblar. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizin son illərdə media ilə bağlı atdığı ciddi addımların əsas məqsədlərindən biri informasiya savaşında düşmənlə mübarizəsidir. İndiki situasiyada Azərbaycan mediası dezinformasiyaların qarşısını ölkə səviyyəsində almaq gücünə malikdir. Lakin əfsuslar olsun ki, qlobal səviyyədə mediamızın dayaqları yoxdur. Anti-Azərbaycan qüvvələri tərəfindən ehtimal olunan təhdidlərin qarşısını almaq üçün Azərbaycanda beyin mərkəzi yaradılmalıdır. Həmin mərkəzdə bir neçə dil bilən peşəkar media nümayəndələri fəaliyyət göstərməlidirlər. Onlar qlobal media ilə inteqrasiya etmək gücündə olmalıdırlar ki, bu kimi situasiyalar baş verdikdə adekvat reaksiya göstərə bilsinlər. Ona görə də ilk növbədə, sosial mediada tviter, feysbuk kimi platformalar ciddi şəkildə nəzarətə götürülməlidir. Sonra orada mövcud olan anti-Azərbaycan, xüsusən, erməni terror qüvvələrinin əlindəki media rıçaqları müəyyən edilməli, qlobal səviyyədə ifşa olunmalıdır".
Mütəxəssis diqqətə çatdırıb ki, Azərbaycan informasiya savaşı fonunda geridə qalır:

 "Ancaq mövcud vəziyyəti dəyişmək olar. Söhbət intellektual mübarizə, cavabdan gedir. İntellektual cavab isə dünyanın qəbul edəcəyi formatda verilməlidir. Biz imtina edib, "dünya nə deyir, desin, həqiqətlərimiz var" və s.,- deyə bilərik. Ancaq bu mexanizm də artıq işləmir. Cavab vermədikcə, mübarizə aparmadıqca, dezinformasiyaların qarşısını almadıqca artıq üzərimizə gələnlərin də sayı artmağa başlayır. Ona görə də bu sahədə Azərbaycan mediasında çox ciddi boşluqlar var. Boşluqların aradan qaldırılması, doldurulması günün ən ciddi strateji zərurətinə çevrilib. Son 3-4 ildə media ilə bağlı islahatlar həyata keçirilməyə başlayıb. Son illərdə ölkədaxili auditoriyanı müəyyən mənada informasiya çirkliliyindən qorumağı bacarmışıq. Ancaq regional və qlobal səviyyədə təəssüf ki, bunu edə bilmirik. Cənab Prezident İlham Əliyev qalib sərkərdə, ölkə başçısı kimi apardığı uğurlu xarici siyasətin media dəstəkçisi bu formada olmamalıdır".

Qeyd edək ki, Ermənistan Azərbaycan Ordusunun Aİ müşahidəçilərini atəşə tutması ilə bağlı dezinformasiya yayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.