Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına Gürcüstanın “Georgia Wings” aviadaşıyıcısı əlavə olunacaq.
Bu barədə nazirlik xəbər yayıb.
Bildirilir ki, bu il ərzində bu siyahıya “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo” kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub.
Bu barədə "Sherg.az"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, xarici aviaşirkətlərin sırasına növbəti aviadaşıyıcının əlavə olunması, bazara buraxılması və bazarda daha çox oyunçunun yer alması müsbət haldır:
"Rəqabətli mühitin artması qiymətlərə təsir edən amildir. Həmin uçuşların birbaşa həyata keçirilməsində AZAL-ın hansısa müdaxiləsi və ya qiymətlərin formalaşmasına təsiri olmayacaqsa, təbii ki, müsbət irəliləyişdir. Azərbaycan Hava Yolları şirkətlərinin sayı artdıqca qiymətlərdə də müsbət dəyişikliklər baş verəcək. Aviaşirkətin qiymətinə ən yaxşı, ən güclü təsir edə biləcək addımlardan biri də quru sərhədlərin açılması ola bilər".