Ağdam-Xankəndi yolu sülhə xidmət edir

Barışa gedən yol açıqdır

Ermənilərin son üç ayda apardıqları anti-Azərbaycan kampaniyası alt-üst oldu

  Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması təklifini qəbul etməyə razılaşıblar. Razılaşmadan sonra beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndi istiqamətinə hərəkət edib. Maşınların içərisindəki yüklər Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılıb. Ekspertlərə görə, Ağdam-Xankəndi yolunun açılması Azərbaycan dövlətinin növbəti qələbəsidir. Ermənistan və havadarları, erməni lobbisi, Xankəndidə qalan xunta rejiminin tör-töküntüləri uzun müddətdir ki, siyasi manipulyasiya edərək Ağdam-Xankəndi yolunun açılmasına qarşı təxribatlar törədirdirlər, süni əngəllər yaradırdılar. 

Ancaq onların “blokada şou”su iflasa uğradı və Azərbaycanın qətiyyətli və siyasi mövqeyi qarşısında onlar növbəti dəfə uğursuzluğa düçar oldular. Bir daha bəyan olundu ki, Azərbaycan müstəqil siyasət yürütməklə hər hansı dövlətin daxili işinə qarışmaq cəhdi qətiyyətlə alınacaq. Azərbaycana hər hansı bir təzyiq göstərmək mümkün deyil. Təbii ki, Azərbaycan bütün addımlarını beynəlxalq qanunların norma və prinsiplərinə uyğun atır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də Laçın və Ağdam yollarından Xankəndiyə yüklərin eyni vaxtda keçməsini alqışlayıb: “Artıq bu proses qaydaya salınmalıdır. Həmçinin Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq da vacibdir. Aİ bunu dəstəkləməyə hazırdır”. 

Rusiyalı ekspert İqor Korotçenko da deyib ki, separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başlayıb. Onun sözlərinə görə, xeyir şərə qalib gəldi: “Eyni zamanda Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla, Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb. İndi “blokada”, “kütləvi aclıq”, “soyqırım” yoxdur – təbliğat bitdi. Əslində, bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktik olaraq reinteqrasiyasının başlanğıcıdır”.
  
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Ağdam-Xankəndi yolunun açılması Qarabağ iqtisadi rayonunda Azərbaycanın öz suveren hüquqlarını bərpa etməsi baxımından mühüm hadisədir. Deputatın sözlərinə görə, bu, təkcə, Ağdam-Xankəndi yolunun açılması demək deyil, həm də Azərbaycanın sülh istəməyən mərkəzlərə qarşı əldə etdiyi mühüm nailiyyətdir: "Ermənistan, Fransa və ABŞ da daxil olmaqla bir çox ölkələr bu yolun açılmasında maraqlı deyildilər. Tam əksinə, Laçın yolunun açılmasından sui-istifadə etməklə ərazimizdə yaşayan erməniləri etnik separatçılığa sövq edirdilər. Ayrıca, bu məsələni erməni radikalları, lobbi təşkilatları prinsipial məsələyə çevirmişdilər. Azərbaycanın yardımından imtina etmək üçün bütün imkanlarını səfərbər etmişdilər. Bütün bunlara baxmayaraq, Azərbaycan Ağdam-Xankəndi yolunu açmağı bacardı. Halbuki bir neçə gün bundan qabaq ABŞ-nin Dövlət Departamentinin rəsmilərinin verdiyi bəyanatlar ortada idi. Qarabağdakı bəzi ermənilər "biz türk çörəyi yemərik" deyirdilər. Bunlara rəğmən, yol açıldı və yüklər göndərildi. Bu, Azərbaycan dövlətinin gücünün, qətiyyətinin, prinsipiallığının göstəricisidir. Bu həm də, o deməkdir ki, Azərbaycan bundan sonrakı mərhələdə qanunlarımızı torpaqlarımızın hər qarışında tətbiq edəcək. Sırf mənəvi-psixoloji qırılma baxımından da hadisə mühüm əhəmiyyət kəsb edir". 
  
Parlament üzvü vurğulayıb ki, separatçılar, radikallar, regionda sülh istəməyənlər bir daha dərk etdilər ki, Azərbaycan nəyin bahasına olur-olsun, sülhə nail olacaq: "Heç bir başqa güc mərkəzini özümüzə şərik etməyəcəyik. Bu hadisə sonrakı mərhələdə yeni perspektivlər yaradır. Azərbaycan bu addımı ilə bütün ermənilərin son üç ayda apardıqları anti-Azərbaycan kampaniyasını alt-üst etdi. Bir daha aydın oldu ki, bölgədə heç bir humanitar problem yoxdur. Əgər Azərbaycanda yaşayan ermənilərin nə vaxtsa nəyəsə ehtiyacı olacaqsa, bunu dövlətimiz özü qarşılayacaq. Bunu sülhə doğru növbəti uğurlu addım kimi dəyərləndirmək mümkündür".