Dördtərəfli dialoqun qurulması mümkündür
"Hərçənd, masaya dəvət edilən İrəvanın bundan imtina edəcəyi, görüşə gəlsə belə, razılaşmalardan qaçacağı gözləntisi daha çoxdur"
"Hərçənd, masaya dəvət edilən İrəvanın bundan imtina edəcəyi, görüşə gəlsə belə, razılaşmalardan qaçacağı gözləntisi daha çoxdur"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər etməzdən öncə jurnalistlərə açıqlamasında bir təklifi gündəmə gətirib. Ərdoğan Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif edib: "Elə təklif verdik ki, addımı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz Prezident İlham Əliyevlə bu məsələni daha sonra müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik". Ermənistanın Baş naziri Nikol Paşinyan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifinə münasibət bildirib. Deyib ki, müxtəlif təkliflər və ideyalar var:
"Mən heç birini açıqlamaq istəmirəm. Problem ondadır ki, bu, münasibət bildirəcəyim yeganə ideya deyil. Biz bütün məsələyə baxmalıyıq".
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Ərdoğanın dördtərəfli görüş təklifi regiondankənar oyunçuların bölgədəki proseslərdən kənarlaşdırmaq məqsədi daşıyır. Ekspertə görə, 44 günlük müharibədən dərhal sonra bu prosesdə Türkiyə və Rusiya əsas oyunçu olsa da, sonrakı dövrdə, xüsusilə Ukrayna müharibəsindən sonra Fransa, ABŞ və Avropa İttifaqı oyuna aktiv daxil oldu:

"Bu, Rusiya qarşısında bir çox məsələdə Bakının manevr imkanını genişləndirsə də, əsasən Ermənistana sülh sazişindən yayınmaq imkanları qazandırdı. Türkiyə və Rusiya prosesi yenidən ələ almaq istəyir. Bu, Fransadan sonra ABŞ-nin də vasitəçilik məsələsində geriyə düşməsinə zəmin yarada bilər. Xüsusilə Vaşinqtonun Qarabağla bağlı son mövqeyindən sonra... Ərdoğanın təklifinə Bakı və Moskva razı olacaq. Hərçənd, masaya dəvət edilən İrəvanın bundan imtina edəcəyi, görüşə gəlsə belə, razılaşmalardan qaçacağı gözləntisi daha çoxdur. Belə vəziyyətdə isə bölgədə yeni eskalasiya qaçılmaz olacaq və Ermənistan ciddi itkilər verəcək. İrəvanı yaxın perspektivdə regiondankənar ölkələrin qoruması praktik olaraq çətindir. Balansı poza biləcək yeganə ölkə İrandır. Ki, Tehranın siyasi xəttində müşahidə edilən korrektlər Paşinyan üçün çıxılmaz vəziyyəti yetişdirir”.
Politoloq Məhəmməd Əsədullazadə isə "Sherg.az"a bildirib ki, indiki halda "2+2" formatının gerçəkləşməsi mümkün görünmür. Analitikə görə, əslində Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanın iştirakı ilə sülh müqaviləsinin bağlanması realdır. Amma Rusiyanın buna gedəcəyi real deyil: "Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Yalnız taktiki çərçivədə Rusiya ilə əməkdaşlıq mümkündür. Cənab Ərdoğanın da təklifi məhz strateji deyil, taktikidir".
