Son nəfəsləridir...

Qarabağdan qaçanlardan 4 min dollar tələb olunur

Bu gedişat Xankəndi əhalisi ilə separatçı rejimin arasında qarşıdurmaların yaranmasına səbəb olacaq

  Xankəndidəki separatçı qurum Qarabağ ermənilərinin Ermənistana getməsinə mane olur. Erməni bloger Natali Aleksanyan öz feysbuk səhifəsində yazıb ki, separatçılar Ermənistana gediş-gəliş üçün adambaşına 4 min dollar tələb edirlər: “Əgər bundan əvvəl bizə Azərbaycanın insanların çıxışına mane olduğunu deyirdilərsə, indi çıxılmaz vəziyyətə düşən insanlardan külli miqdarda pul qoparmaq üçün çıxışı Qarabağdakı “hakimiyyət”in bağladığı üzə çıxıb. Bu ağır günlərdə də cinayətkarlar milyonlar qazanmaq fürsətini əldən vermirlər. Mən bu qeyri-qanuni vəziyyətdən getdikcə daha çox məyus oluram”.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, ermənilər artıq bir-birini ifşa etməyə başlayıblar. Analitikin sözlərinə görə, erməni xisləti artıq öz sözünü deyir: 

"Şübhəsiz, separatçılar tam təmizlənəcək. Sadəcə zaman lazımdır. Ancaq indiki halda separatçılar hər vəchlə Xankəndidən ermənilərin çıxışının qarşısını almaq istəyir. Əvvəlcədən Azərbaycanın şərtlərinə tabe olmadıqlarına görə indi cinayətkar yollarla insanların axınının qarşısını almağa çalışırlar. Bu da onları daha çox rüsvay edir. Onlar təxribatçı hərəkətləri ilə Ermənistan hakimiyyətinə də ziyan vururlar. Lakin separatçılar son nəfəslərini verirlər. Bu gedişat Xankəndi əhalisi ilə separatçı rejimin arasında qarşıdurmaların yaranmasına səbəb olacaq. Nəticədə əhali özü onlara qarşı çıxacaq. Fransanın separatçılara "ürək-dirək" verməsi, İranın dəstəyi onları ruhlandırsa da, reallıqda həmin dövlətlərin məsələyə müdaxilə imkanları yoxdur. Ona görə zamanla əlləri hər şeydən üzüləcək". 
  
T.İrfan vurğulayıb ki, Azərbaycan Qarabağ ermənilərinə normal vətəndaş kimi təhlükəsiz yaşamağı təklif edir. Ancaq onlar separatçıların təzyiqi ilə bundan imtina edirlər: 

"Bu gedişlə ermənilər "Əli başından da olacaqlar, Vəli aşından da...". Qarabağdakı ermənilər separatçıların əllərində əsir-girova çeviriblər. Nə Azərbaycan vətəndaşı olmağa imkan verirlər, nə də çıxıb Ermənistana getməyə. Ancaq hər bir halda ermənilərin özlərini ifşa etməsi müsbət haldır. Getdikcə ermənilər arasında daha gərgin dövr başlayacaq. Qarşıdurmalar gözlənilir. Hazırkı siyasi açıqlamalar, ziddiyyətli və bədbin bəyanatlar separatçıların və onları himayə edənlərin iflasının göstəricisidir. Hesab edirəm ki, çox qısa zamanda separatçılardan xilas olacağıq".