Mərkəzi Asiya böyük güclərin rəqabət meydanına çevrilir

Türk Dövlətləri Təşkilatı yeni çağırışlara hazır olmalıdır

  "Mərkəzi Asiya Rusiya, Qərb və Çin arasında böyük güc rəqabəti meydanıdır".

 Bu barədə "Sherg.az"a siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Mərkəzi Asiyada nisbətən zəif oyunçular da - məsələn, Türkiyə, İran - fəaliyyət sferası qururlar. Onlar ABŞ, Rusiya, Çin kimi qlobal aktor olmasalar da, təsirləri əhəmiyyətlidir:

 "Bir sözlə, Mərkəzi Asiya böyük güclərin və regional oyunçuların görüşdüyü yerdir və burada tarazlıq aktının inkişafı vacibdir. Azərbaycan və Türkiyənin Mərkəzi Asiyadakı strateji genişlənməsini idarə etmək üçün Türk Dövlətləri Təşkilatı alternativ seçim imkanları təqdim edir. TDT Rusiya, Qərb, Çinin rəqabət aparan gündəliklərinə qiymət verir, strateji qərarların qəbulu üçün cəlbedici yanaşmalar ortaya çıxarır. İlham Əliyevin Düşənbəyə səfəri (Tacikistan TDT üzvü deyil - A.K.) Mərkəzi Asiyanın türk dövlətlərinin ideoloji dəyirmanının çarxına yad elementlərin salınmamasını özündə simvolizə edir. Çünki TDT-nin ideoloji fazası, iqtisadi-siyasi alətləri, mümkün hərbi potensialı regionda məcburedici və məsuliyyətsiz hərəkətlərin qarşısında birləşdirici amil kimi çıxış etmək çağırışlarını icra edir. Bir sözlə, TDT regionda sözün hər mənasında yüksəliş tendensiyasıdır - həm öz çərçivəsində, həm də oyunçuların maraqları baxımından. TDT üçün təhlükələri vurğulamaq da lazımdır, təhdidlərin qarşısında böyüyən iqtisadi əməkdaşlıq formatı önləyici tədbir kimi əhəmiyyət qazanır. Azərbaycan və Türkiyənin strateji diqqətində xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi Mərkəzi Asiya ilə bağlantıları bərkidib, çoxtərəfli əməkdaşlıq fonunda iqtisadi yüksəlişi təmin edən ideallara söykənir".
  
Analitikin sözlərinə görə, bu faktor tələb edir ki, TDT Mərkəzi Asiya ilə yanaşı, Cənubi Qafqazda qlobal rəqabətin gərginliyinə mənalı cavablar hazırlasın: 

"Lakin TDT konkret strateji məqsədlərinə nail olmaq imkanlarını genişləndirdikcə çətinliklərə də sinə gərməyi bacarmalıdır. Bunun üçün TDT alternativ - hərbi sahəyə - genişlənməyə nail olub rəqabətin formalaşdırdığı təhdidlərə qarşı yeni vahid yanaşma qəbul etməlidir. Dövlət başçısı İlham Əliyevin Düşənbədə etdiyi çıxışın dərin strateji məzmununa qeyd olunan rakurslardan baxmaq lazımdır. Prezident həmin nöqteyi-nəzəri gələcək nəqliyyat və logistika sahəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri, Türkiyə, Avropa bazarları üçün artan etibarlı tranzit əhəmiyyətini qeyd etməklə göstərir. Bu əhəmiyyət Çinin strateji istiqamətləri üçün cəlbedicidir, çünki Mərkəzi Asiya və Cənubi Qafqaz arasındakı əlaqələrin dinamikası “Rəqəmsal İpək Yolu” layihəsi, Şərq-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun şaxələnməsinə töhfə verəcək".