Paşinyan özünü quyuya salıb, çıxışı çətindir...  - Səməd Seyidov

İrəvanın mərkəzində, Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirilir. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Etirazçılar hazırda Respublika meydanının bütün girişlərini bağlayırlar. Orada nəqliyyatın hərəkəti dayandırılıb. Aksiyada 500-ə yaxın insan iştirak edir. Onlar hökumət əleyhinə şüarlar səsləndirirlər.

Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan televiziya vasitəsilə canlı yayımda çıxış edərkən deyib ki, hazırda Ermənistanın sərhədlərində sakitlikdir, Ermənistan münaqişədə iştirak etmir. Qeyd etmək istəyirəm ki, Ermənistan Qarabağdakı hərbi münaqişəyə cəlb olunmayıb. Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir.

Azərbaycanın öz torpaqlarında terrora qarşı legitim tədbir gördüyünü deyən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a əlavə edib ki, separatçıların bəyanatlar verməsi və qışqıraraq kömək istəməsi təbiidir:

"Lakin onların hər biri həbs edilərək Bakıya gətirilməlidir. Çünki onlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və əhalisinə qarşı cinayət törədiblər. Ümumiyyətlə Azərbaycan öz legitim hüququ olan konstition qayda-qanunu bərpa edir. Faktiki olaraq Qarabağda yaşayan Azərbaycan vətəndaşlığını qəbul etmək niyyətində olan erməniləri separatçılardan xilas etməklə məşğuldur".

Parlamentarinin sözlərinə görə, Paşinyan hansısa müdaxilənin nəinki Qarabağda olan separatçıların, hətta Ermənistanın bir dövlət kimi siyasi xəritədən silinməsinə səbəb olacağını yaxşı başa düşür:

"Ona görə də "mən qarışmıram, sərhəddə sakitçilikdir" deyə-deyə öz hiyləgər siyasətini davam edir. Ümumiyyətlə Paşinyan özünü dərin bir quyuya salıb və oradan çıxmaq çox çətindir. Sadəcə vəziyyətdən istifadə edən erməni lobbisi Azərbaycana qarşı beynəlxalq təzyiqləri artıra bilər. Ancaq bunların heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, Azərbaycan beynəlxalq davranış formalarına ən yüksək formada riayət edərək lokal antiterror tədbirləri həyata keçirir".

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə antiterror tədbirləri çərçivəsində yalnız qanuni hərbi obyektləri və hərbi infrastruktur məntəqələrini hədəfə alıb.