İran və Rusiyanı birləşdirən amillər var!  - ŞƏRH

“Moskva və Tehran arasında qarşılıqlı münasibətlər yeni mərhələyə qədəm qoyur”.
Bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqunun sözlərinə görə, Rusiya və İran arasında dialoq hazırda xüsusilə intensiv şəkildə inkişaf edir.
“Biz ABŞ və onun Qərb müttəfiqlərinin müqavimətinə baxmayaraq, planlaşdırılan fəaliyyətlərin bütün spektrinin həyata keçirilməsinə çalışırıq. Rusiya-İran münasibətləri yeni mərhələyə daxil olur”, - deyə Şoyqu İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmməd Rza Aştiani ilə görüşü zamanı bildirib.

O, eyni zamanda Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində gələcək birgə fəaliyyətlərə də hazır olduqlarını bəyan edib.

İran və Rusiyanın bir-birinə arxa durmağa çalışdığını deyən politoloq Sədrəddin Soltan "Sherg.az"a şərh edib ki, indiki şəraitdə rəsmi Tehranın maraqları Moskvanınkından fərqlidir:
"ABŞ ilə münasibətlərdə xəfif istilik müşahidə olunur və bu, İranın Rusiyadan uzaqlaşmasına səbəb ola bilər. Ümumiyyətlə Kreml Tehran rejimi ilə əlaqələri inkişaf etdirməklə onu nəzarətdə saxlamağa çalışır. Çünki Şimali Koreya lideri ilə görüşdən sonra Şoyqunun İrana səfər etməsi onu deməyə əsas verir ki, rəsmi Moskva Pxenyandan ala bilmədiklərini Tehrandan almaq istəyir. Yaxud da Şimali Koreya-İran-Rusiya əməkdaşlığını gücləndirməyə cəhd oluna bilər. Digər tərəfdən İran və Rusiyanı birləşdirən bir sıra amillər var. Bunlardan ən başlıcası isə Avropaya, Qərbə və NATO-ya qarşı birlikdir. Həmçinin rəsmi Moskva və Tehran Yaxın Şərqdə sabitlik yaratmaq gücündə deyillər, onlar ancaq pozuculuq fəaliyyəti ilə məşğul ola bilərlər. Bu bəyanatla isə tərəflər Qərbə Yaxın Şərqdə pozuculuq fəaliyyəti görə biləcəklərini xatırladırlar".