Rus sülhməramlılarının üzərinə böyük məsuliyyət düşür
Vaxtında silahlı dəstələr bölgədən çıxarılsaydı, indiki hadisələr yaşanmazdı
Qarabağ bölgəsində xidmət aparan Rusiya sülhməramlılarının olduğu avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, hadisə nəticəsində hərbçilər həlak olublar. Rusiya və Azərbaycanın istintaq orqanları hadisənin bütün detallarını aydınlaşdırmaq üçün birgə işləyirlər. Hadisədən sonra Azərbaycan tərəfinin təşəbbüsü ilə Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçısı Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib. Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib. Rusiyalı politoloq Sergey Markov Ermənistanda genişmiqyaslı anti-Rusiya isteriyasının formalaşması fonunda bu hadisənin təhlükəli tendensiya olduğunu deyib. Onun sözlərinə görə, anti-Rusiya kampaniyası aparan məhz Ermənistan hakimiyyətidir: "Rusiyanın İrəvandakı səfirliyi zorakı etirazçılar tərəfindən mühasirəyə alınıb. Bu isterika nəticəsində Qarabağda rus sülhməramlılara atəş açılaraq öldürüldü. Görünür, bu, sülhməramlıların neytral mövqe tutmasına görə erməni qüvvələrinin qisasıdır. Rusiyaya edilən bütün bu hücumların ümumi mesajı eynidir. Niyə Rusiya öz oğullarını, yəni rus oğlanlarını Ermənistan uğrunda Qarabağa döyüşməyə göndərmədi?”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, İkinci Qarabağ müharibəsindən ötən üç ilə yaxın müddət ərzində Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə silah-sursat, canlı qüvvə və minalar daşınıb. Nəticədə erməni silahlıları mütəmadi olaraq Azərbaycana qarşı təxribatlar törədib. Ərazilərimizi kütləvi şəkildə minalamağa davam ediblər:
"Üçtərəfli bəyanata görə, qanunsuz erməni silahlı dəstələri rus sülhməramlıların bölgəyə daxil olmasından sonra Azərbaycan ərazisini tərk etməli idilər. Amma bu, ötən müddət ərzində baş vermədi. Ardıcıl şəkildə həyata keçirilən təxribatların davamı və "zirvəsi" kimi sentyabrın 19-da da 6 nəfərin ölümünə səbəb olan iki terror aktının gerçəkləşdirilməsi Azərbaycanın Qarabağ iqtisadi regionundakı "boz zona"dan gələn təhlükələrin zərərsizləşdirilməsi və Konstitusiya quruluşunun bərqərar edilməsi üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb oldu. Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan Silahlı Qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, Ermənistan hərbçilərinin tərksilahı və neytrallaşdırılmasına yönəlmişdi. Bu prosesə rus sülhməramlılarının müdaxilə etməməsini xüsusi qabartmağa ehtiyac yoxdur. Əslində, ötən üç il ərzində erməni terrorçularını məhz həmin rus sülhməramlıları zərərsizləşdirməli idilər. Rusiya sülhməramlıları münaqişə zonasına müəyyən mandat və təlimatlar əsasında yerləşdirilib. Bu səbəbdən onlar onsuz da prosesin içində idilər. Əgər erməni separatçılarının silahları təhvil verməsi razılaşdırılarsa, bu prosesdə də rusların iştirakı labüd olacaq. Bu gün maşınlarına atəş açılırsa, bunun məsuliyyəti indiyədək vəzifəsini icra etməyən sülhməramlı kontingentin üzərinə düşür. Vaxtında silahlı dəstələr bölgədən çıxarılsaydı, indiki hadisələr yaşanmazdı".