Artıq Xankəndidə işığımız yanır

Qarabağda yaşayan erməni sakinlərlə bağlı problemlər qısa zamanda həll olunacaq

  Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilib. Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil ediblər. Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub. Xatırladaq ki, bu, lokal xarekterli antiterror tədbirlərindən sonra Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan Mərkəzi hakimiyyətinin təmsilçiləri arasında 3-cü görüşdür. Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi isə Xocalıda baş tutub.
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Qarabağda yaşayan erməni sakinlərlə bağlı problemlər qısa zamanda həll olunacaq. Professorun sözlərinə görə, Azərbaycan dövlətinin iradəsi ortadadır: "İşğaldan azad edilmiş ərazilərdə qısa vaxtda aparılan bərpa-quruculuq işləri hamıya, o cümlədən ermənilərə bəllidir: "Azərbaycanın nəzarətinə keçmiş Xankəndi və ətraf bölgələrdə də ən qısa zamanda quruculuq işlərinə start veriləcək. Artıq Xankəndidə işığımız yanır, davamlı humanitar yardımlar, tibbi vasitələr, yanacaq göndərilir. Bir neçə min erməni sakinin də vətəndaşlıq üçün dövlət qurumlarına müraciət etdiyi deyilir. Gedənlərin yolu açıqdır. İndiki məqamda Qarabağı tərk edən ermənilərin əksəriyyəti separatçılığı və terrorçuluğu dəstəkləyənlər və onların ailələridir. Qarabağda qalmaq qərarı verən erməni sakinlər isə dərk edirlər ki, problem ancaq reinteqrasiya yolu ilə həllini tapmalıdır. İşğaldan azad edilmiş digər ərazilərdəki quruculuğu görən ermənilər bunun ən qısa müddətdə Xankəndidə reallaşacağını da anlayırlar. Azərbaycan qanunlarını qəbul edən ermənilərin vətəndaşımız olaraq firavan və təhlükəsiz həyat sürmək imkanları, şansları var".