Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstanın paytaxtı Tiflisdə ermənilər Azərbaycana qarşı yürüş keçiriblər.
Yürüşdə iştirak edən ermənilərin vətəndaşı olduqları ölkə (Gürcüstan) və Ermənistanla bərabər, İran bayrağını da qaldırması diqqət çəkib.
Gürcüstanda yaşayan ermənilərin Azərbaycana qarşı aksiyada İran sevgisi təəccüblü deyil.
Xatırladaq ki, Gürcüstan hüquq-mühafizə orqanları ermənilərin Qarabağdakı keçmiş separatçıların əski parçasını qaldırmasına imkan verməyib.
Ermənilərin belə addımlarının ilk olmadığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, onlar Azərbaycan və Türkiyənin diplomatik nümayəndəliklərinə qarşı yenə də təxribatlar törədiblər:
"Erməni icmasının kompakt yaşadığı Gürcüstanda belə hadisənin baş verməsi təsadüfi deyil. Eyni zamanda gürcü polisinin separatçı rejimin əski parçasının asılmasına icazə verməməsi müsbət haldır. İranın bayrağını qaldırmağa gəlincə isə Ermənistanın son ümid yerlərindən biri də Tehran rejimidir. Biz bu günlərdə yenə də görürük ki, İran hakimiyyəti açıqlama verir ki, bizim qırmızı xətlərimiz var. Yəni Cənub qonşumuz Ermənistanın yanında olduğunu ifadə edir. Hətta artıq Ermənistana yardım da göndərib".
Analitikin sözlərinə görə, ermənilərin İran bayrağı qaldırması iki məqsədə xidmət edir:
"Birincisi, onlar İranın dəsətəyinə görə minnətdarlıq ifadə edirlər. Digər tərəfdən isə bu Gürcüstanda həm Azərbaycanı qıcıqlandırmaq, həm də İranın təsir dairəsində olan mərkəzlərə mesaj vermək mahiyyəti də daşıya bilər. Ancaq istənilən halda Azərbaycan İranın Gürcüstanda həddən artıq güclənməyinə imkan verməməlidir. Xüsusən də Gürcüstandakı soydaşlarımızın üzərində rejimin təsir dairəsinin həddən artıq çoxalması Azərbaycan üçün ciddi təhlükəsizlik probleminə çevrilə bilər. Buna görə də indidən mübarizə aparılmalıdır. Ola bilsin ermənilərin Gürcüstanda İran bayrağı qaldırmağı böyük mahiyyət ifadə etmir. Ancaq rejimin Gürcüstanda ciddi təsiri var və rəsmi Bakı bunun qarşısını almağa çalışmalıdır".