Ermənistan uçuruma doğru gedir - Aytən Qurbanova 

İran rəsmiləri Azərbaycanın 24 saat sürən uğurlu antiterror tədbirlərindən dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar. Qriqoryan oktyabrın ilk günü Tehrana getdi. 

Ümumiyyətlə, Tehran Armen Qriqoryanı az qala hər ay Tehrana dəvət edir. Bu səfərlərin məqsədi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Aytən Qurbanova İranın İkinci Qarabağ müharibəsindən bu günə qədər, hətta bütövlükdə işğal dövrü də daxil olmaqla hər zaman davamlı şəkildə bütün platformalarda açıq və gizli formada Ermənistana dəstək verdiyini bildirib: 
“Lakin son 24 saatlıq antiterror tədbirləri zamanı və sonrasında biz rəsmi Tehranın mövqeyində müəyyən qədər geri çəkilmə müşahidə edirik. Hər bir halda səfirliyimizə edilmiş terror hücumunu təşkil edən cinayətkara ölüm hökmünün verilməsi də molla rejiminin Azərbaycanla münasibətlərin normallaşmasında qismən maraqlı olduğunun göstəricisidir. Amma bu bütövlükdə İranın Ermənistanın işğalçılıq siyasətini himayə edən strateji tərəfdaşlarından biri olması reallığını da dəyişmir. Ona görə bu səfərlər zamanı əsas müzakirə mövzusu istisnasız olaraq Azərbaycanın bütün əraziləri üzərində öz suverenliyini bərpa etməsi istiqamətində atdığı addımlar və təbii ki, kommunikasiya xətlərinin bərpa olunması məsələsidir. Cənab Ərdoğanın Naxçıvan səfəri zamanı Zəngəzur dəhlizinə alternativ olaraq İrandan keçəcək yolun mümkünlüyü ilə bağlı verdiyi mesaja istinad etsək, əslində İranın mövqeyindən asılı olmayaraq bu gün Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha çox maraqlı olmalıdır. Ancaq görünən odur ki, Ermənistan regionda sülh və sabitliyə töhfə verməkdənsə, yenə öz “dəsti-xətti” ilə ssenarilər yazaraq uçuruma doğru getməyə davam edir”.