Xaçaturyan Bakıda hönkürdü: Ağla, Vaqif, ağla! 

Xocalıda cinayət törədənlərə çağırış et, dərs çıxarsınlar
  Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç dünən məhkəmə qarşısına çaxarılıb. İclasa Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edib. Proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baş tutub. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanov olub. Təqsirləndirilən şəxsə erməni dili üzrə mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub. Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ona hüquqları izah edilib. Məhkəmədə çıxış edən Vaqif Xaçaturyan hüquqlarının ona aydın olduğunu deyib. Daha sonra çıxış edən baş prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sulaynov bildirib ki, cinayət işi üzrə qanun pozuntusuna yol verilməyib. Prokuror için məhkəmə baxışına verilməsini təklif edib. Həmçinin prokuror cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını deyib. Prosesdə iştirak edən zərərçəkmiş Xocalı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Murad Hüseynov və zərərçəkmiş Meşəli kənd sakini Hüseyn Hümbətov işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər. Vaqif Xaçaturyan və onun vəkili Natiq Bəybalayev də işin məhkəmə baxışına verilməsini istəyiblər. Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan ediblər. Məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. V.Xaçaturyanın cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesində Xaçaturyanın hönkür-hönkür ağlaması diqqət çəkib.
  Siyasi şərhçi, jurnalist Aqşin Kərimov deyib ki, müttəhim kürsüsündə əyləşən Vaqif Xaçaturyan kameralar, fotoaparatların obyektivləri önündə göz yaşları töküb. Ekspertə görə, bəlkə də, Xaçaturyan mediada çıxacaq fotolar, televiziyalarda yayımlanacaq süjetlər üçün çəkilən kadrlar vasitəsilə "məzlum" obrazı yaratmağa çalışır:
"Vaqif Xaçaturyanın məhkəmədəki hönkürtüsünün keçmiş günahlarının, yoxsa əzəli nifrəti həyata keçirməkdə aciz qalmağının hayqırtısı olduğunu müəyyən etmək çətindir. Axı kim zəmanət verir ki, Xaçaturyan azərbaycanlılara qarşı içində illərdir formalaşmış qəzəbini öldürüb?! Bilmirik, amma fakt budur ki, ya zəlzələdən, ya da vəlvələdən Vaqif Xaçaturyan ağladı. Məhkəmə prosesində iştirak edən media nümayəndələri kimi, mən də Vaqif Xaçaturyanın ağlamasına şahidlik etdim. Bu ağlamaq daha çox Azərbaycan xalqına qarşı nifrətin acizliklə əvəz olunmasının göstəricisi kimi beynimdə canlandı. Görəsən, Xaçaturyanın əlində imkanlar olsaydı, nələr edərdi?! Bu fikrimi Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı ən ağır cinayətlərdə ittiham olunan Vaqif Xaçaturyanın timsalında bütün ermənilərə şamil etməkdən uzağam, indi sülh zamanıdır. Azərbaycan dövlət və xalq olaraq sülhün tərəfindədir, amma sülhün mütləq təmini üçün zərərli elementlər aradan qalxmalıdır".
  A.Kərimov vurğulayıb ki, məhkəmədə zərərçəkmiş şəxs qismində iştirak edən Təmraz Məmmədovun Xaçaturyana özündən asılı olmadan bir sual verməsi diqqətini çəkib: "Təmraz Məmmədovun: “Vaqif, bura bax, məni tanıdın?” - deməsi illərdir ədalətin həsrətini çəkən insanların vahid yanaşmasının təsviridir. Təmraz Məmmədov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, dediyinə görə, Vaqif Xaçaturyanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin şahidi olub. Kontuziyalıdır, əsəbidir, ancaq onun Xaçaturyana qarşı göstərdiyi tövr süni görünmür. Heç döyüş əhval-ruhiyyəsinə də bənzəmir. Məmmədov, sadəcə, onilliklər boyunca daxilində yığılmış ağrı-acısını ifadə edir. Ağla Vaqif, bu, sənin bioloji hüququndur, sadəcə, məhkəmədə cavab ver, hüquq qarşısında məsuliyyət və vəzifələrini dərk et. Xocalıda cinayət törədənlərə çağırış et, dərs çıxarsınlar. Biz sülh istəyirik, Xaçaturyanın istintaqı da qayda-qanunla aparılıb, məhkəmədə onun bütün hüquqları təmin edilib. Ədalətdən qaçmaq çətin məsələdir, hamı törətdiyi əməllərin cəzasını bir gün çəkəcək, kimisi ağlayaraq, kimisi də fərqli şəkildə..".