Nikol Paşinyan Rusiya ilə münasibətlərin çox yaxşı olduğunu desə də, Putinin açıqlamaları vəziyyətin gərgin olduğunu göstərir.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan deyib.
O, mövcud vəziyyətin düzəlməsinin çətin məsələ olduğunu vurğulayıb.
Artur Xaçatryanın fikirlərinə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a söyləyib ki, Nikol Paşinyan Rusiya ilə münasibətlərdə bütün körpüləri tamamilə yandırmaq istəmir:
"Çünki bütün sahələr üzrə Ermənistanın təhlükəsizliyinə Rusiya tərəfindən təminat var. İqtisadi, ticari, enerji, nəqliyyat, logistika və hərbi təhlükəsizlik nöqteyi nəzərindən Ermənistanın Rusiyanı əvəzləyəcək ciddi təhlükəsizlik sistemi çətirinə ehtiyacı var. Hələlik isə bu məsələ Qərb ilə öz həllini tapmayıb. Yəni bunlar, o qədər də asand həyata keçirilə biləcək məsələlər deyil. Ona görə də Nikol Paşinyan daha ehtiyatlı davranır ki, Rusiyanı Ermənistanın üzərinə qaldırmasın. Çünki Rusiyanın Ukraynaya hücümu Şimal qonşumuzun istənilən zaman bu cür aqressiv reaksiya verəcəyini aydın şəkildə göstərdi. Bu kontekstdə zaman-zaman Paşinyan hakimiyyətinin devrilməsi üçün ictimai etirazlara da əl atıldı. Ancaq Rusiyanın dəstəklədiyi revanşist qüvvələr kifayət qədər gücünü itirdiyinə görə bu etirazlar Ermənistanda kütləvi şəkildə yayıla bilmədi. Ona görə də Ermənistan Qarabağ klanının nümayəndəsindən daha çox Nikol Paşinyanın hakimiyyətdə qalmasına üstünlük verir. Rusiya artıq digər variantlara, yəni daha aqressiv və radikal addımlara əl ata bilər. Həm Ermənistan kəşfiyyatı, həm də Nikol Paşinyanı qoruyan Qərbin xüsusi xidmət orqanlarının nümayəndələri bununla bağlı Paşinyana məlumat verirlər. Ermənistan özünün təhlükəsizlik çətirinə tam təminat alana qədər, Nikol Paşinyan belə çıxışlar etməyə davam edəcək. Ermənistan Qərb tərəfindən təhlükəsizliyinin tamamilə təmin olunmasına əmin olduqdan sonra Rusiyanın üzv olduğu bütün təşkilatlardan imtina etməsi ilə bağlı rəsmi müraciət edəcək. Bu gün isə həmin təminat yoxdur. Ona görə də Nikol Paşinyan soyuq suyu üfürə-üfürə içəcək ki, öz hakimiyyətini qoruya bilsin".