HƏMAS-ı Qəzzada saxlamaq məntiqli deyil-Şərh

HƏMAS atəşkəs müddətində girovların azad edilməsinə dair şərtlərə riayət etməyib və İsrail ərazisinə raketlərlə atəş açıb.
Trend xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Qeyd olunub ki, İsrail hökumətinin məqsədləri girovların azad edilməsi, HƏMAS-ın likvidasiyası və Qəzza zolağında İsrail sakinləri üçün bir daha heç vaxt təhdid olmayacağına dair təminat əldə edilməsidir.
Xatırladaq ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan olunub. Atəşkəsin uzadılacağı təqdirdə, HƏMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad edəcəyini açıqlayıb.

Mövzu ilə bağlı "Sherg.az"a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, noyabr ayının 30-u Qüdsdə dayanacağa terror hücumu olundu:
"Bu hücüm nəticəsində isə 3 nəfər öldü. Həmin hücümu HƏMAS-ın etdiyi bildirilib. Yəni artıq HƏMAS İsrail ərazisinə terror hücumu təşkil edib. Bundan sonra atəşkəsin bitməsinə 10 dəqiqə qalmış Qəzza zolağından İsrail ərazisi yenidən atəşə tutuldu. Hər iki halda terror əməliyyatı və raket hücumu vasitəsilə atəşkəs pozulub. İsrail Müdafiə Ordusu bəyan edir ki, bunları HƏMAS edib. Eyni zamanda İsrail mətbuatı yazır ki, HƏMAS terror aktını keçirdiyini etiraf edib və raket hücumunu da onların etdiyi təsdiqlənib. Dünən İsrail tərəfi atəşkəsin uzadılması ehtimalının olması ilə bağlı açıqlama verib. Amma bu İsrailin Qəzza zolağında antiterror əməliyyatını dayandırması demək deyil. İsrail baş naziri Benyamin Netanyahu və digər hərbi rəsmilər açıqlamalarında qeyd edirlər ki, HƏMAS-sız Qəzza zolağı olmalıdır. Çünki Qəzza zolağı uzun illərdir İsrail üçün təhlükə mənbəyidir. "Hizbullah" da təhlükə yaradan təşkilatdır. Amma, ora Livanın ərazisindədir. Eyni zamanda İsrail Fələstin və Qəzza zolağını müstəqil ölkə kimi deyil, sadəcə olaraq özünün muxtar bölgəsi kimi tanıyır. Yəni İsrailin muxtar dövlət kimi tanıdığı ərazidən ölkənin təhlükəsizliyinə zərbələr gəlir".


Analitik söyləyib ki, dünyanın 100-dən çox ölkəsinin tanıdığı Fələstin İsrailin təhlükəsizliyini təhdid edir: 
"Bu da İsrail sərhədlərinə ən yaxın olan Qəzza zolağındadır. Qəzza zolağında təkcə silahlı qruplaşmalar yoxdur, eyni zamanda orada siyasi maraqlar mövcuddur. Bu isə İsrailə qarşı ölüm şüarını irəli sürən İran hakimiyyətinin marağıdır. Qəzza zolağında HƏMAS-ın və digər silahlı qruplaşmaların kənarlaşdırılması, İranın da oradakı maraqlarının çıxmasına səbəb olacaq. Bu  prespektivdə  "Hizbullah"a İsraili təhdid etmək üçün bəhanələri aradan qaldıracaq. Çünki "Hizbullah" İsrailə vuran zaman bəyan edib ki, İsrail Qəzza zolağına əməliyyat keçirən zaman dinc sakinlərin müdafiəsi üçün biz bu addımları atırıq. Qəzza zolağında HƏMAS və terrorçu təşkilatların olmaması ilə Hizbullah bəhanəsizləşdirilir. HƏMAS-ın və digər silahlı qruplaşmaların Qəzza zolağından çıxması İsrailə qarşı təhdidlərin azalmasına çox böyük yardım olacaq. Ona görə də İsrail tərəfi birmənalı şəkildə Qəzza zolağını təmizləməyi qarşısına məqsəd qoyub. Bölgədə bu qədər dağıntı baş verib və  iki tərəfdən də dinc sakinlər ölüb. İndi atəşkəs elan edərək Qəzza zolağında HƏMAS-ı saxlamaq məntiqi deyil. Bu aksiyanın məqsədi HƏMAS-ı və digər silahlı qruplaşmaları zolaqdan çıxartmaqdır".