Ermənistan Qarabağdan gedən və İrəvana qayıdan şəxslərlə bağlı faktları gizlədir-Səbəb?

Sentyabrın 25-dən noyabrın 26-dək Qarabağdan gedən ermənilərin 10 929 nəfəri Ermənistanı tərk edib.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
"Artıq onlardan 4303 nəfəri yenidən Ermənistana qayıdıb", - məlumatda deyilir.
Qeyd edək ki, Qarabağda yaşayan ermənilərin xeyli hissəsi Rusiya və digər ölkələrin vətəndaşları idilər. Onların Ermənistanı tərk edəcəyi əvvəlcədən gözlənilirdi. Lakin Ermənistan Milli Təhlükəsizlik Şurasının guya bu ölkəni tərk edən Qarabağ ermənilərinin 4303 nəfərinin geri qayıtdığını iddia etməsi inandırıcı deyil. Görünür, Ermənistan Qarabağı könüllü tərk edən ermənilər üçün xarici dövlətlər və beynəlxalq təşkilatlardan gələn yardımların dayanmasını istəmir. Ona görə də guya ölkəni tərk edənlərin təqribən yarısının geri qayıtdığı haqda dezinformasiya yayırlar.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistandan çıxan ermənilər haqqında hələ də düzgün məlumat yoxdur: 

"Qarabağdan köçən ermənilərin Ermənistanı tərk etməsi ilə bağlı 11 minə qədər olan statistika verirlər. Daha sonra isə qeyd edirlər ki,  4300 nəfər Ermənistana qayıtdı.  Çünki Ermənistana qayıtmaq üçün vəziyyət normal deyil. Digər tərəfdən  bu qədər insanın bir ay içərisində oranı tərk etməsi də inandırıcı görünmür. Ermənistan belə məlumatlar verməklə beynəlxalq təşkilatlardan maliyyə yardımı və ərzaq məhsulları almaq istəyir. İndiki vəziyyətdə Ermənistan hökumətinin səsləndirdiyi açıqlama öz absurdluğu ilə seçilir. Çünki belə bir vəziyyətdə ölkəni tərk etmiş şəxslərin geri qayıtması real görsənmir. Ermənistan  onlara  gah vətəndaşlıq və qaçqın statusu verməklə bağlı, gah da Qarabağa qayıtmaları ilə əlaqədar vədlər verdi. Artıq Ermənistanın verdiyi belə dezinformasiyaya dünya ictimaiyyəti də çox inanmır. Ona görə də onlar, beynəlxalq ictimaiyyətdən daha çox yardım almaq və pul mənimsəmək məqsədi ilə bunları edirlər. Ermənistan hakimiyyəti Qarabağdan gedən və Ermənistana qayıdan şəxslərlə bağlı faktları gizlədir".