İtaliya şirkətləri COP29-da təmsil olunacaq

Azərbaycanla iqtisadi əlaqələrimiz artıq çox yaxındır, bu ölkə bizə vacib tərəfdaş ölkələrdən biridir və bura müxtəlif sektorlarla bağlı ixracımız artır.
Bunu İtaliya Ticarət Agentliyinin Bakı Ofisinin rəhbəri Andrea Maccanico jurnalistlərə açıqlamasında deyib.

"İtaliya transformasiya edən ölkədir, idxal etdiyimiz xammal və enerjidən başqa, İtaliya mexanikanın bütün sahələrində, həm də istehlak mallarının istehsalında mükəmməlliyə malikdir. Məsələn, heç də hamı bilmir ki, İtaliya Kosmos Agentliyi ilə Azərkosmos arasında əməkdaşlıq var. İtalyanlar bütün mümkün yollarla xarici ölkələrlə 360 dərəcə əməkdaşlıq etməyə çalışırlar və buna görə də Azərbaycanla da şübhəsiz ki, uğurlu əməkdaşlığımız var. Azərbaycan hansısa sektoru təkmilləşdirmək, modernləşdirmək və inkişaf etdirmək istəyirsə, italyanların köməyinə arxalana bilər”.

O bildirib ki, İtaliya şirkətləri Azərbaycanın Qarabağ bölgəsində işləyir.

"Qarabağda biz artıq o mənada əməkdaşlıq edirik ki, burada dizayn işləri ilə məşğul olan İtaliya şirkətləri var. Bu, əlbəttə ki, tikinti və mühəndislik sektorunu əhatə edir, çünki Qarabağın yenidən qurulması lazımdır və ətraf mühitə az təsir göstərən yaşıl, müasir texnologiyalarla Qarabağın tikintisi və yenidən qurulması perspektivləri xüsusilə şirkətlər üçün maraqlıdır".

Agentliyin Bakı Ofisinin rəhbəri əlavə edib ki, İtaliya şirkətləri COP29-da da təmsil olunacaq.