Yuxarı Qarabağ suvarma kanalında bərpa və yenidənqurma işlərinə ehtiyac var idi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.
Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.
Suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.
Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Qeyd edək ki, bir gün əvvəl də İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandırılacaq. Sərəncamda deyilib ki, ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.
Son dövr qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı şəraitdə məhdud su ehtiyatlarına malik ölkəmizdə su təminatının mühüm həlqələrindən olan Yuxarı Qarabağ suvarma kanalında yüksək su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən kanalın yenidən qurulması tələb olunur. Sərəncama əsasən, Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandırılacaq.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, 70 ilə yaxındır ki, istismar olunan Yuxarı Qarabağ suvarma kanalında bərpa və yenidənqurma işlərinə ehtiyac var idi. Bu kanal ölkəmizin əsas suvarma kanallarından biridir:
“Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən Yuxarı Qarabağ kanalı Qarabağ zonasının, Mil, qismən Muğan düzünün əkin sahələrinin suvarılmasında böyük əhəmiyyətə malikdir. 172,4 km uzunluğa malik kanal torpaq məcrada tikilib. Qeyd edək ki, ölkə üzrə 54 min km uzunluğunda suvarma kanallarının yalnız 8 faizinə beton döşənib. Belə olan halda daşınan suyun 25 faizdən çoxu sızıb torpağa hopur. Bu da öz növbəsində digər ekoloji problemlərə: torpağın bataqlaşma və şoranlaşmasına yol açır. Ümumiyyətlə, müasir dövrdə suyun bir nəqtədən digər nöqtəyə torpaq məcralı kanallarla daşınması əlverişli sayılmır. Dünyada daha yayğın təcrübə suyun beton səthli kanallar və plastik borularla daşınmasıdır. Əkin sahələrinin qədimdən qalma selləmə üsulu ilə suvarılması da ciddi su itkisinə yol açır. Yeri gəlmişkən, ölkəmizin su resurslarının idarə olunmasında üzə çıxan ciddi problemlərdən biri də budur. Yaxşı olar ki, əkin sahələrinin damcı suvarma üsulu ilə suvarılması təcrübəsi genişləndirilsin. Dövlət qurumlarının dəstəyi ilə fermerlərin baha qiymətə təklif olunan damcılı suvarma qurğularına əlçatanlılığı təmin oluna bilər. Yaxşı olar ki, bununla bağlı da qərar verilsin”.
E.Cəfərli hesab edir ki, dövlət başçısının Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncam su itkisinin qarşısının alınması baxımından böyük ümidlər yaradır:
“Ölkənin 9 böyük rayonunda 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə, həmçinin yaşayış məntəqələrini məişət suyu ilə təmin edən Qarabağ kanalının yenidən qurulması ölkəmizdə su ehtiyatlarının səmərəli istifadəsinə və qabaqcıl texnologiyalarla idarə olunmasına böyük töhfə verəcək. Ölkəmizin içməli su resursları onsuz da məhduddur. Əsas içməli su qaynağımız olan dörd çay ölkəmizdən kənarda formalaşır. Onlar ölkəmizə daxil olana qədər ciddi itkiyə məruz qalırlar. Yeganə yol mövcud qaynaqlardan səmərəli istifadə edilməsidir. Şərqi Zəngəzur və Qarabağda olan çaylar üzərində yeni bəndlərin tikilməsinə ehtiyac var. Çəkiləcək yeni su kanalları beton səthli olmalıdır. İri şəhərlərdə tullantı sularının təkrar emalı şəbəkəsi-texniki su şəbəkəsi yaradılmalıdır".