Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə gəlib. Səfər zamanı Nikol Paşinyan sərhədin demilitasiya və demarkasiyasından sonra orada görülənb infrastruktur layihələrin icrası ilə tanış olub. Paşinyan öz Facebook səhifəsində yazıb: “Birinci dayanacaq Dilicanda idi. Mən “Dağlıq Ermənistan” sanatoriyasına aparan avtoyolun 2,2 kilometrlik ərazisində aparılan təmir işləri ilə tanış oldum. Layihənin dəyəri 234 milyon dram təşkil edir, vəsait dövlət büdcəsindən ayrılıb”.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Nikol Paşinyanın bu cür səfərlərinin əsas məqsədi əhalini sakitləşdirməkdir:
“Paşinyan əhalini prosesin yaxşı olacağına ümidləndirir. Ermənistan xalqı qorxu içindədir. Çünki Ermənistanda müxtəlif fikirlər var. Eyni zamanda sərhəd bölgəsində yaşayan insanlardan istifadə etməyə çalışan qüvvələr mövcuddur. Ümumiyyətlə Ermənistanda hakimiyyət heç zaman müstəqil olmayıb. Ermənistan vaxtilə Rusiyanın forpostu olub, indi də Fransa və Amerika onu yönəldir. Həmişə Rusiya və Qərb arasında Ermənistan üzərində mübarizə gedib. Hazırda həmin mübarizə ən yüksək həddədir. Paşinyan isə narazı kəsimi öz yanında saxlamağa çalışır. Ancaq Paşinyan və digərləri bir şeyi unudurlar ki, belə vəziyyəti uzun müddət saxlamaq olmaz. Onlar Azərbaycanın şərtlərini qəbul etməli və konstitusiyalarını dəyişməlidirlər. Azərbaycana dəyən ziyanı qarşılamalı, Serj Sarkisyan və Robert Köçəryan kimi şəxsləri Azərbaycana təhvil verməlidirlər. Eyni zamanda bütün iddialardan əl çəkərək normal qonşuluq münasibətləri qurmalıdırlar. Bunlardan sonra sülhə baxmaq olar”.