Analitik: Ermənistan  Azərbaycana qarşı yenə  məkrli planlar cızarsa...

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə yerləşən Kirants və Berkaber yaşayış məntəqələrinin sakinlərinə xəbərdarlıq edib. Nazirlikdən yerli vaxtla saat 12:00-dan 14:00-a qədər həmin kəndlərə yaxın ərazilərdə hərbi silah-sursatın zərərsizləşdirilməsi tədbirlərinin həyata keçiriləcəyi bildirilib.
Qurum ərazidə 10 dəfə partlayış səsinin eşidiləcəyi səbəbindən əhalini narahat olmamağa və təşvişə düşməməyə çağırıb. 

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, Ermənistanın nə elan etməsindən asılı olmayaraq Azərbaycan narahat deyil:

"Çünki onlar öz ərazilərində təlim də keçirə, silah-sursat da zərərsizləşdirə bilərlər. Bu onların suveren hüquqlarıdır. Azərbaycan dövləti də bir qayda olaraq, digər dövlətlərin, o cümlədən Ermənistanın daxili işlərinə qarışmamağa üstünlük verir. Ona görə də bu kimi hadisələr Azərbaycanı narahat etmir. Əgər Ermənistan bu ad altında Azərbaycana qarşı məkrli planlar cızarsa, biz yenə narahat olmayacağıq. Çünki Azərbaycan Ermənistanın lazımı şəkildə "burnunu ovub". Lazım olarsa Azərbaycan Ermənistanın "burnunu ovmağa" yenə hazırdır. Bu baxımdan elan olunan xəbərdarlığın hansısa formada bizə isti-soyuğu yoxdur. Azərbaycan öz torpaqlarına nəzarət edir".