Ramil Həsən: Qayıdış paralel şəkildə həyata keçirilməli və qarşılıqlı olmalıdır

Ermənistanın siyasi səhnəsində "maraqlı" hadisələr yaşanır. Bu dəfə baş rolda keçmiş Qarabağ separatçılarının "son lideri" Samvel Şahramanyan çıxış edib. Şahramanyan separatçı rejimin ləğvi ilə bağlı imzaladığı sənədin "hüquqi əhəmiyyəti olmadığını" iddia edib. Onun sözlərinə görə, bu sənəd "konstitusiyaya zidd" və "qanunsuz" olaraq imzalanıb. Maraqlıdır ki, Şahramanyan Qarabağ ermənilərinin "öz torpaqlarına qayıdıb orada inkişaf etməyə böyük istəkləri olduğunu" vurğulayıb, lakin bu qayıdışın yalnız "beynəlxalq zəmanətlərlə" mümkün olduğunu bildirib. Seperatçı bildirib ki,  “Arsax” xalqının öz vətəninə qayıtmaq və onu inkişaf etdirmək arzusu var, amma bizim beynəlxalq təminatlarımız olmalıdır, bizim geri dönüşümüz ləyaqətli və ədalətli olmalıdır və ən əsası, bu standartlar təmin olunarsa, o zaman biz danışıqlara hazırıq. 
Samvel Şahmaranyanın açıqlaması cavab olaraq Qərbi Azərbaycan icması bəyanat yayıb. Qərbi Azərbaycan icması sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların Qərbi azərbaycanlıların qayıdış hüqüqunu danmasını kəskin şəkildə pisləyib. Bəyanatda bildirilib ki, son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulmalıdır. Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Eyni zamanda, Ermənistanın bu təhlükəli siyasətdən əl çəkməyəcəyi təqdirdə Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlanacağı və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlanacağı bəyanatda yer alıb. 

Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən “Sherg.az”a bildirib ki, son dövrlər Ermənistanda yenidən riyakar siyasət həyata keçirən və bölgəyə müharibənin gəlməsi üçün ciddi cəhdlə çalışan qüvvələr baş qaldırıblar:

"Bu baxımdan şübhəsiz ki, Samvel Şahmaranyanın açıqlamaları da təsadüfi deyil. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdiyi kimi Ermənistanın sürətlə silahlanmaq üçün səy göstərməsi, Fransa və Hindistanın havadarlıq etdiyi silah təminatıyla bağlı layihələrin həyata keçirilməsi və Ermənistan daxilində revanşist güclərin yenidən baş qaldırması absurddur. Eyni zamanda, Ermənistan xarici işlər nazirinin sərsəm şəkildə səsləndirdiyi "Qarabağ erməniləri geri qayıtmalıdır və həmin ərazilərdə beynəlxalq sülhməramlılar yerləşdirilməlidir" kimi açıqlamaları Qərbi Azərbaycan İcması və üzvləri tərəfindən hiddətlə qarşılanmaya bilməz. Əgər söhbət insan haqlarından və milli azlıqlardan gedirsə, yüzminlərlə azərbaycanlını yurd-yuvasından silahla qovan Ermənistan hökuməti və havadarları olub. Onların bilavasitə nasist düşüncəsi və ifrat siyasətlərinin nəticəsi olaraq yüzminlərlə azərbaycanlı, o cümlədən mən də ailəmlə bərabər Qərbi Azərbaycandan zorla deportasiya olunmuşuq. Amma sayları təxminən bir neçə min olan Qarabağdakı ermənilərin heç biri Azərbaycan dövlətinin təzyiqi altında ərazini tərk etməyiblər. Həmin ermənilər özlərinin mənfur siyasətlərinin bir parçası olaraq, havadarlarının təlimatlarına qulaq asaraq indiki məqamda Azərbaycana təsir metodunu istifadə etmək üçün könüllü şəkildə 1 həftə ərzində Qarabağdan çıxdılar. Baxmayaraq ki, Azərbaycan dövləti dəfələrlə bəyanat verərək bildirdi ki, Azərbaycan Respublikasının konstitusiyasına məsuliyyətlə yanaşan və vətəndaşlığı qəbul edən şəxslər Qarabağda təhlükəsiz formada yaşaya bilərlər. Belə olan halda sual olunur ki, bu gün bir neçə onmindən ibarət olan ermənilərin Qarabağa qaytarmasından söhbət gedirsə, niyə yüzminlərlə dədə-baba torpaqlarından didərgin düşən azərbaycanlıların öz yurdlarına qayıtması məsələsi qaldırılmır? Əgər sözügedən məsələ qaldırılsa, paralel şəkildə həyata keçirilməli və qarşılıqlı olmalıdır. Qərbi Azərbaycan İcması dəfələrlə beynəlxalq ictimaiyyətə və Nikol Paşinyana tələblər göndərib ki, yüzminlərlə Qərbi azərbaycanlının haqları niyə tapdalanır? Məhz mən bu gün Ermənistan Respublikasında doğulan şəxs olaraq niyə ata-baba yurduma qayıda bilmirəm? Bu sualların cavabını vermək istəməyən Qərb ictimaiyyəti Ermənistanın bu istiqamətdəki siyasətinə tamamilə dəstək verirlər. Bu isə bölgədə yeni müharibə ocağının alovlanmasına şərait yaradır”.

R.Həsən söyləyib ki, Qərbi Azərbaycan icmasının yaydığı bəyanat bilavasitə sözügedən məsələ ilə bağlıdır:
“Yəni bu gün revanşist güclər öz sərsəm açıqlama və iddialarından əl çəkməsələr, biz də Azərbaycan parlamentində "Qərbi Azərbaycana qayıdış"la bağlı parlament komissiyasının yaradılmasını gündəmə gətirəcəyik. Eyni zamanda, Qərbi  azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı müxtəlif addımlar atacayıq. Həmçinin Qarabağ kartından istifadə edərək öz şovinist siyasətlərini həyata keçirənlərə bir daha bildiririk ki, biz də Azərbaycanda "Qərbi Azərbaycan mühacirət hökümət"ni qurmaqla bağlı fikirlərimizin üzərində qətiyyətlə dururuq. Hesab edirəm ki, Ermənistan hakimiyyəti öz daxilindəki alət olduğu hoqqabazlıqlardan vaz keçməlidir. Eyni zamanda, baş qaldıran revanşist gücləri yerində otuzdurmalıdır. Əgər bölgədə əmin-amanlıq, real təhlükəsizlik və münasibətlərin bərpasından söhbət gedirsə, Ermənistan üzərinə düşən tarixi məsuliyyəti dərk etməlidir. Əks halda Azərbaycan beynəlxalq hüquqa riayət edən dövlət olaraq Ermənistana layiqli cavabını verəcək. Azərbaycan ordusu və xalqı "dəmir yumruq" kimi cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dövlətimizə qarşı hansısa ərazi iddiası olarsa, ikinci Qarabağ müharibəsində olduğu kimi Azərbaycan istənilən düşmənə qalib gəlməyə qadirdir”.