İran arxa planda Qərblə razılaşmaya gedərək bölgədə pozuculuq funksiyasını yerinə yetirir
İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Fədəhhüseyn Maliki bildirib ki, Moskva Zəngəzur dəhlizi məsələsində paradoksal addımlardan imtina etməlidir. Onun sözlərinə görə, İran diplomatiyası Moskvanın addımlarına qarşı qəti cavaba hazırdır:
“Rusiyanın Zəngəzur dəhlizinə dəstəyi kürəyimizdən zərbədir”. Deputat həmçinin deyib ki, Rusiya artıq Fars körfəzində 3 ada məsələsinə görə İrandan sərt cavab alıb, eyni səhvi indi də Zəngəzurda təkrarlayır.
sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə bugünkü brifinqdə söyləyib ki, İran geosiyasi və sərhəd dəyişikliyi üçün istənilən addımın qəti şəkildə əleyhinədir. Nasir Kənani İranın münaqişələrin həlli üçün “3+3” regional formatının gücləndirilməsinin tərəfdarı olduğunu deyib. O qeyd edib ki, bu günlərdə dəhliz məsələsi hər zaman olduğundan daha çox diqqət mərkəzindədir. Dəhlizlə bağlı dərc olunmuş xəbər və təhlillərin əsasını Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlarda etdiyi səfəri, eyni zamanda, Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatları təşkil edir. İran regionda müstəqillik və ərazi bütövlüyünə hörmət çərçivəsində iqtisadi münasibətlərdəki blokların aradan qaldırılmasına və Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün təşviqinə dəstəyini davam etdirəcəyinə sadiqdir. Bəziləri Qafqaz regionunu qeyri-sabitlik məkanına çevirmək istəyir. Onlar nəyin bahasına olursa-olsun, regionda qeyri-sabitliyin ardınca gedirlər. Kənani regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etiraz etdiklərini bildirib.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, İranın əsas dərdi regionda yeni kommunikasiyanın açılacağı təqdirdə prosesdən kənar qalmaqdan narahat olmasıdır:
“Halbuki Azərbaycan və Türkiyə həmişə İranın sözügedən narahatlığını aradan qaldırmaq üçün açıqlamalar veriliblər ki, rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasından divident əldə edəcək. Ümumiyyətlə Zəngəzur dəhlizinin iki kontekstə açılması gündəmdədir.
Birincisi,Ermənistanın nəzarətində olan yol formatındadır. Qərbin istəyi ilə proses baş tutarsa, bu regiona kənar qüvvələrin yerləşməsiylə nəticələnəcək. Bu isə siyasi baxımdan İranın maraqlarına uyğun olmamalıdır.
Digər tərəfdən isə Zəngəzur dəhlizi 10 noyabr razılaşmasına uyğun həyata keçirilərsə, regionda kənar qüvvələrin olmasını məhdudlaşdıracaq. Çünki yeni kommunikasiyanın açılması və Zəngəzur dəhlizinin reallaşması İranın əleyhinə deyil. Amma təəssüf ki, bununla bağlı İranda qəribə narazılıq mövcuddur. İran tərəfi heç nədən narazı olduğunu da bildirmir. Görünən odur ki, İran arxa planda Qərblə razılaşmaya gedərək bölgədə pozuculuq funksiyasını yerinə yetirir. Eyni zamanda Tehran hakimiyyəti bununla Qərbə mesaj verə bilər ki, onların maraqlarını bölgədə müdafiə edir. Bu isə Qərb tərəfindən İrana qarşı sanksiyaların yumşaldılması və hərbi müdaxilələrin qarşısının alınması ilə əlaqədardır. Öncəliklə kommunikasiyanın və Zəngəzur dəhlizinin Rusiyanın vasitəçiliyi ilə açılmasını Qərb istəmir. Ona görə də Ermənistana maksimum dəstək göstərirlər”.