Ermənistan XİN: "Azərbaycanla Naxçıvan arasındakı yola üçüncü şəxslərin nəzarəti qəbuledilməzdir"

"Ermənistan Zəngəzurda Azərbaycanla Naxçıvan arasındakı yola üçüncü şəxslərin nəzarətini istisna edir".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Dəhlizin yaradılması və ona nəzarətin üçüncü tərəfə verilməsini nəzərdə tutan heç bir şey müzakirə olunmur", - deyə o bildirib.
Mirzoyanın sözlərinə görə, hazırda vətəndaşların təhlükəsizliyi ilə bağlı məsələlərin həlli üçün hər iki tərəfdən özəl şirkətlərin cəlb edilməsi variantı müzakirə olunur. Nəzəri olaraq, onlar yük və ya sərnişin vaqonlarını müşayiət edə bilərlər.
"Nəqliyyat kommunikasiyalarının bloklanması halında, bütün dəmiryol xətti boyunca üçüncü şəxslərə məxsus dövlət və ya özəl şirkətin mövcudluğu bizim üçün qəbuledilməzdir", - deyə o qeyd edib.