Osman Mert: Türk dünyasının ortaq əlifbasına dair ilk mühüm qərarlar qəbul edilib

"Biz özümüzü Bilge Kağan, Bilge Tonyukuk, Oğuz Kağan və Dədə Qorqudun nəslindən hesab ediriksə, deməli, bizim əcdadlarımız, xalqlarımız qarşısında borcumuz var"

Biz türk dövlətlərini vahid əlifbaya keçirmək üçün buraya toplaşmışıq. Artıq bu məsələyə dair ilk mühüm qərarlar qəbul olunub.

Bu sözləri sentyabrın 10-da Bakıda keçirilən Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasının ikinci günündə Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert deyib.

“İlk növbədə, əlifbada yalnız semantik, fonemik dəyər daşıyan səslərin təyin edilməsi qərara alındı. Bu, o deməkdir ki, əlifbada yalnız fonemik məna daşıyan səslər öz əksini tapacaq.

İlkin mərhələdə verdiyimiz başqa bir qərar bütün türk dillərində hər bir səsi, hər fonemi mümkün qədər bərabər təyin etmək idi. Bu da bizim prioritet həllərimizdən biridir. Ancaq burada xüsusilə vurğulamaq istəyirəm ki, niyyət ən əsas amildir. Biz özümüzü Bilge Kağan, Bilge Tonyukuk, Oğuz Kağan və Dədə Qorqudun nəslindən hesab ediriksə, deməli, bizim əcdadlarımız, xalqlarımız qarşısında borcumuz var. Hazırda bu məqsədə doğru irəliləyirik və ona mütləq nail olacağıq”, - deyə Osman Mert bildirib. (Azərtac).

Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasının ikinci günündə də fəal müzakirələr aparıldığını qeyd edən Osman Mert əlavə edib: “İclasımız davam edir. Hazırda 23-24 hərf üzərində işi başa çatdırmışıq. Bu məsələni uğurlu nəticəyə çatdırmaq üçün eyni səbirlə və öz prinsiplərimiz çərçivəsində müzakirələri davam etdirəcəyik. Ürəkdən inanıram ki, bu görüşdə bir nəticə əldə edə biləcəyik. Bu, xüsusilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. 1926-cı ildə keçirilən birinci Türkoloji Qurultayda əsas vəzifələrdən biri ortaq əlifbanın yaradılması idi və bu, Bakıda baş verdi. Bu gün isə həmin prosesə yekun vuracaq iclas da Azərbaycan paytaxtında keçirilir”.