İranla Rusiya arasında Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli mövqe böhranlı vəziyyət yaradıb. Rəsmi Tehran hesab edir ki, Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı addımları regiondakı vəziyyəti kökündən dəyişə bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda İrəvanı nəqliyyat kommunikasiyalarının açılmasına dair üçtərəfli sazişi sabotaj etməkdə ittiham etməsinin ardınca XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın “dəhliz Moskva üçün prioritet olaraq qalır” bəyanatı Tehranda ciddi etirazlara səbəb olub. Bu gün isə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya səfər edib.
Məlumata görə, Əhmədianın Zəngəzur dəhlizi məsələsində Rusiya rəsmiləri ilə ikitərəfli danışıqlar aparması planlaşdırılıb.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Rusiyaya səfəri təkcə Zəngəzur dəhlizi ilə bağlı deyil:
“Çünki İran və Rusiya arasında əhatəli strateji əməkdaşlığa dair saziş də gecikir. Hesab edirəm ki, səfər çərçivəsində sözügedən məsələ də müzakirə olunacaq. Eyni zamanda İranın Rusiyaya ballistik raketlər verməsi dair xəbərlər yayılmışdı. Fikrimcə, Rusiyanın İrandan hərbi-texniki avadanlıq alması da görüş çərçivəsində müzakirə oluna bilər. Digər tərəfdən isə BRICS-nin Tatarıstanın paytaxtı Kazanda keçirilən sammitinə İran prezidenti Məsud Pezeşkian da dəvət olunub. Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü də gözlənilir. Yəni Əli Əkbər Əhmədianın səfəri zamanı bu məsələ də masaya yatırıla bilər”.
Ekspert qeyd edib ki, Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq və qətiyyətli şəkildə ortaya qoyub:
“Zəngəzur yolunun açılması 2020-ci 10 noyabr bəyanatında öz əksini tapıb. Rusiya bu məsələ ilə bağlı hansısa yenilik etməyib. Sadəcə olaraq həmin bəyanatın 9-cu bəndində Rusiya sərhədçilərinin Zəngəzur dəhlizinə nəzarəti nəzərdə tutulub. Ermənistan isə Zəngəzur yolunu xarici təhlükəsizlik şirkətinin nəzarət etməsini tələb edir. Hesab edirəm ki, Ermənistanın təklifinə Rusiya razılıq verib. Görünən odur ki, Əli Əkbər Əhmədian Rusiyadan mövcud məsələ ilə bağlı daha əhatəli cavab almaq istəyir. Yəni İranın maraqlarının təmin olunması ilə bağlı Rusiyanın mövqeyini öyrənmək niyyətindədir. Bir neçə gün öncə Rusiyanın İrandakı səfiri Aleksey Dedov İslam Respublikasının Xarici İşlər Nazirliyinə dəvət edilmişdi. Amma görünən odur ki, məsələ ilə bağlı Tehran rejimini maraqlandıran əlavə suallar meydana gəlib. Həmin sualları isə Rusiya ilə müzakirə etmək istəyirlər. Çünki Zəngəzur məsələsində Rusiya və İran tərəfdaş olduqlarını baxmayaraq eyni mövqedən çıxış etmirlər. Bu isə İranı qıcıqlandıran faktordur. Zəngəzura Avropa ölkələrindən hansısa dövlətin özəl təhlükəsizlik xidməti nəzarət edəcəyi təqdirdə İranın təhlükəsizliyinin hansı vəziyyətdə olmasını da Əhmədian Rusiyada həmkarları ilə müzakirə edə bilər”.