Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Baş nazir vurğulayıb ki, bunda məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.
Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, Ermənistanın heç bir əməli ilə sözü üst-üstə düşmür:
“Ermənistan sülh üçün tələsir. Amma sülh Ermənistanın havadarları üçün arzuolunan deyil. Ümumiyyətlə Ermənistan Baş naziri Nikol Paşinyan bilmir ki, bu gün özünün yoxsa Qərbin istəklərini həyata keçirsin. Regional sülh Ermənistan dövlətçiliyinin gələcək təhlükəsizliyi üçün təminatdır. Eyni zamanda bu ABŞ və Fransa kimi ölkələrin Cənubi Qafqaza müdaxilə imkanlarını bloklayır. Ona görə də sözügedən ölkələr Ermənistanı mümkün sülhdən yayındırmağa çalışırlar. Ermənistanın hərbi təxribatları və səsləndirdikləri qeyri-adekvat bəyanatlar isə regional sülhə mane olur. Rəsmi Bakının əsas tələbi Ermənistan konstitusiyasının dəyişdirilməsi və ərazi iddialarından imtinadır. Rəsmi İrəvan isə buna getmək istəmir. Konstitusiyanın dəyişməməsi isə münasibətlərin normallaşması istiqamətində addımların məhdud səviyyəyə qədər inkişaf etməsi deməkdir. düzdür iki ölkə arasında müəyyən razılıqlar ola bilər, amma sülh imzalanmayacaq. Nikol Paşinyanın COP29-a gəlməsi də sual altındadır. Çünki bəzi qüvvələr çalışacaqlar ki, Ermənistanla Azərbaycan arasında gərginlik yaratsın və Paşinyan Bakıya gəlməsin”.