NATO-nun Zəngəzur planı: Münaqişə tərəfi olmaq Azərbaycan üçün arzuolunan deyil

2021-ci ilin oktyabrında Britaniyanın NATO-dakı keçmiş səfirləri Sara Makintoş və Adam Tomsonun yayımladığı məqalə Ermənistanda yenidən gündəm olub. Məqalədə NATO-nun Qafqazda və Xəzərdəki mövqeyi, eləcə də Zəngəzur dəhlizi ilə bağlı baxışları yer alıb. Məqalədə bildirilir ki, NATO Zəngəzur dəhlizi üçün Ermənistanın cənub hissəsini ya özünə, ya da Azərbaycana tabe etməlidir. Yayımlandıqdan az sonra silinən məqalədə qeyd edilib ki, Türkiyə ilə Azərbaycanın quru əlaqəsi NATO-nun Xəzər dənizi sahillərinə birbaşa çıxışına imkan yaradır: “NATO-nun öz qüvvələrini Xəzər sahilində yerləşdirməsi isə alyansın ən vacib strategiyalarındandır”. Məqalədə həmçinin bildirilib ki, Azərbaycanın NATO üzvlüyü üçün Zəngəzur dəhlizi şərtdir:“Əgər Naxçıvan hansısa formada Azərbaycanla quru yolu ilə bağlansa, o zaman Azərbaycanın qısa zaman ərzində NATO-ya üzv olması üçün hər şey hazır olacaq”. 

Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a söyləyib ki, hazırda dünyada sürətli şəkildə qütbləşmələr gedir, tərəflər müəyyənləşdirilir:

“Qlobal təsirə malik dövlətlər bütün zonalarda regional üstünlüyə, strateji cəhətdən böyük önəmə sahib dövlətləri öz tərəfinə çəkərək həm də onlardan geosiyasi maraqları naminə istifadə etməyə çalışırlar. İkinci Qarabağ müharibəsi ilə öz nüfuzunu daha da artıran Azərbaycan Cənubi Qafqazda lider ölkəyə çevrilib. Bu da dövlətimizlə əməkdaşlıq etmək, onun yerləşdiyi bölgənin strateji, logistik imkanlarından faydalanmaq istəyən tərəflərin sayını artırdı. Azərbaycan isə ikitərəfli və çoxtərəfli münasibətlərdə beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində qarşılıqlı şəkildə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır. Hansısa hərbi bloka qoşularaq münaqişə tərəflərindən biri olmaq Azərbaycan üçün arzu olunan gedişat deyil. Sabitliyi, əməkdaşlığı prioritet sayan dövlətimiz bir-birinə zidd olan təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq ənənəsini davam etdirir. Belə ki, Rusiyanın söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərlə, Ermənistan istisna Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq, dostluq əlaqələri mövcuddur. Kollektiv Qərb ölkələrinin silahlı bloku olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə də tərəfdaşlıq çərçivəsində ölkəmiz əməkdaşlıq edir. NATO-nun əsas güclərindən biri olan qardaş Türkiyə ilə də ən yüksək formada əlaqələr irəllədilir. Dövlət maraqlarının əsas götürüldüyü bu yanaşma, həm də regional sabitlik üçün başlıca şərtdir”.