Ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə ölkəmizə qarşı sosial şəbəkələrdə dezinformasiyalar yayır. Bunu Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, bu gün texnologiyanın inkişafı ilə hər şeyi informasiya həll edir. O bildirib ki, artıq informasiyanın əldə edilməsi, yayılması çox rahatdır. Lakin yayılan məlumatların çoxu da dezinformasiya olur. Cəmiyyəti dezinformasiyadan qorumaq lazımdır. Vətən müharibəsindən sonra ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə sosial şəbəkələrdə dezinformasiyalar yayır. Bu ilin noybarında Bakıda keçiriləcək COP29 kimi böyük konfransın Azərbaycanda keçirilməsi ilə bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır. O qeyd edib ki, yerli medianın daha da inkişaf etdirilməsi, milli maraqların qorunması, Azərbaycana qarşı dezinformasiyaların qarşısını almaq üçün səylər birləşdirilməlidir. Həmçinin vurğulayıb ki, daha mütəşəkkil və səviyyəli cavablar verilməlidir. Xüsusilə, COP29 ərəfəsində və ya konfrans bitdikdən sonra bizə qarşı bu kimi hücumlara hazır olmalıyıq.
Politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, son zamanlar erməni və Qərb mediasında dezinformasiya xarakterli məlumatlar dərc edilməyə başlanılıb:
“Təəssüflər olsun ki, Azərbaycan mediası da belə məlumatları bu şəkildə trajlayır. Dezinformasiya şəklində məlumatların daha çox 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən istifadəsini gördük. Hipotizlər əsasında irəli sürülən versiyalar şərh olunduğuna görə dezinformasiyalar da müzakirə edilməyə başlayır və beləliklə leqallaşır. Hətta elə bir həddə çatır ki, inandırıcı belə olur. İndi isə COP29-dan sonra guya müharibə olacaq fikrini yaradaraq Azərbaycan ordusu daxilində narahatlıq yaratmağa çalışırlar. Eyni zamanda daxili auditoriyada müharibə ritorikası formalaşdırırlar. Digər tərəfdən isə belə xəbərlər COP29-a iştirakı və diqqəti azaltmağa yönəlib. Bu gün planetin ən vacib məsələlərinin müzakirə olunacağı platforma yaxın müddətdə Azərbaycanda həyata keçiriləcək. Amma Amerika Birləşmiş Ştatlatı, Fransa kimi qüvvələr COP29-un Azərbaycanda keçirilməsini istəmirlər. Ona görə də Fransa Paris Olimpiya Oyunlarında üzləşdiyi biabırçı vəziyyəti Azəbaycanı da COP29-da fiaskoya uğratmaqla unutdurmaq istəyir. Rəsmi Bakı isə COP29-la bağlı bütün lazımi tədbirləri görüb”.
Ekspert söyləyib ki, sadə vətəndaşlar, informasiyanın ötürücülüyünü təmin edən media subyektləri və ekspertlər sözügedən məsələdə maksimum şəkildə ehtiyatlı olmalıdır:
“Hansı məlumatın dezinformasiya, hansının düzgün olması dəqiqləşdirilməli və bu istiqamətdə mexanizm yaradılmalıdır. Əks təqdirdə biz hər mötəbər tədbir öncəsi müharibə variantlarından danışacayıq. Məntiq etibarilə bu gün müharibədən danışmaq əbəsdir. Çünki sülh və delimitasiya və demarkasiya prosesi davam etməkdədir. Nəzərə almaq lazımdır ki, 30 il ərzində eşitmədiyimiz danışıqların şahidi oluruq. Artıq Qarabağ azad edilib və yekun sülh sənədinin imzalanması istənilir. Əgər COP29-a Ermənistan qatılarsa, iki ölkə arasında sülhlə bağlı danışıqların olması və müəyyən sənədin imzalanması da gözləniləndir. Əgər COP29-dan sonra Ermənistan təxribatlara davam edərsə, Azərbaycan onu yerində otuzduracaq”.