“3+3” formatında görüş Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər. Bu sözləri türkoloq Mger Abramyan “Sputnik Ermənistan”a müsahibəsində deyib. Onun sözlərinə görə, “3+3” platformasında sülh müqaviləsi layihəsinin hələ razılaşdırılmamış məqamları müzakirə oluna bilər ki, bu da yekun sənədin imzalanmasını yaxınlaşdırar. O söyləyib ki, Türkiyə və Azərbaycan çox güman ki, birgə hərəkət edəcək və Ermənistan rəhbərliyi və XİN isə müəyyən razılığa gələ bilər. Sonra daha bir görüş olacaq, orada bu müqavilə kağız üzərində təsbit ediləcək. Abramyanın fikrincə, əgər əvvəllər Azərbaycan sülh sazişində tələsirdisə, indi Ermənistan tələsir və rəsmi Bakının təkid etdiyi bütün şərtləri və məqamları qəbul etməyə hazır kimi görünür.
Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, “3+3” formatı rəsmi Bakının əvvəldən Ermənistanla sülh müqaviləsini müzakirə etmək istədiyi platformadır:
“Hətta bu platformanın yaranmasının başlıca səbəbi məhz keçmiş Ermənistan -Azərbaycan, "Dağlıq Qarabağ" və hazırki Azərbaycan-Ermənistan, həmçinin bölgənin digər problemlərinin region ölkələri tərəfindən müzakirə edilməsi idi. Ümumiyyətlə Azərbaycan Ermənistanla sülh danışıqları ilə bağlı böyük yol qət edib. Sadəcə olaraq bəzi razılaşdırılmayan bəndlərin həlli bir qədər yubanır. Həmin problemlər “3+3” formatında müzakirə mövsuzu ola bilər. Təəssüflər olsun ki, Gürcüstan İstanbuldakı görüşə də gəlmir və yenə “3+2” formatı şəklində həyata keçiriləcək. Amma bizim üçün rəqəmlərin heç bir əhəmiyyəti yoxdur. Mger Abramyanın dediyi kimi yekun sənədin imzalanmasının yaxınlaşdırılması mümkündür. Amma tamamilə razılaşdırılması çətindir. Çünki iki ölkə arasında fikir ayrılıqları mövcuddur. Azərbaycan kifayət qədər məsələyə konstruktiv yanaşır. Belə olan halda Ermənistan geri addım atmalıdır. Ermənistanın fikri isə dəyişkəndir və xarici qüvvələrin təsirləri rəsmi İrəvanda böyükdür. Amma Rəsmi Bakı daha çox ikitərəfli danışıqlara üstünlük verir”.