Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə axtarırlar - ANALİZ

 Region ölkələrinin Qərbə inam və etimadı tamamilə sıfırlanır

Qərbin Gürcüstanda QHT maliyyələşdirmə mexanizmi vasitəsilə dövlət içərisində öz dayaqlarını qurması və öz gündəliyini qəbul etdirməyə çalışması da sirr deyildi. Gürcüstan hakimiyyəti də məhz buna görə Qərbin, onun ölkədəki qüvvələrinin (QHT və s.) əməllərinə qarşı tədbirlər görüb və hələ bir müddət əvvəl “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilib: "Parlament seçkilərindən sonra baş verən proseslər göstərir ki, Qərb niyyətinə nail olmaq üçün vətəndaş qarşıdurması və hətta prosesin vətəndaş müharibəsi həddinə qədər çatdırılmasından çəkinmir. QHT-çilərdən ibarət ifrat Qərbyönümlü dəstələrin, LGBT və ifrat liberal sağçı düşərgələrin yaradılması təsadüfi deyil. QHT-lər vasitəsilə cəmiyyətə mənfi təsirlər o qədər çoxalıb ki, bu gün siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması müzakirə mövzusu deyil. İdeoloji əsasda gürcü xalqının milli kimliyi və qürurunun, tarixinin və adət-ənənələrinin arxa plana keçməsi və onun yerinə yad LGBT və ifrat sağçı qüvvələrin ön plana atılması səyləri göz önündədir. Qərbin arzusu Gürcüstanda 2014-cü ilin Ukrayna ssenarisinin təkrarı, küçə döyüşləri, polisə qarşı zorakılıqdır. Gürcüstana Şərqi Avropa və əsasən də Baltik ölkələrindən çoxlu sayda təxribatçılar gətirilib və onların arasında silahlı təxribatçıların da olması istisna deyil. Etirazçıların onlar tərəfindən odlu silahla vurulması və sonra bunun Gürcüstan hökumətinin üzərinə atılması ehtimalı istisna deyil. Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi Gürcüstan üçün də eyni ssenariləri cızır. Gürcü xalqı müdriklik nümayiş etdirməli və heç bir xarici qüvvənin əlində alət olmamalıdır. Qərbin Gürcüstanı bu formada qeyri-sabitliyə sürükləməsi Azərbaycan üçün qəbuledilməzdir. Qərbin Gürcüstanla bağlı planının həyata keçməsi Cənubi Qafqazda sabitliyə böyük təhlükə yaradar. Aydındır ki, Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açılmasını istəyir. Bu isə Gürcüstanın Ukraynanın aqibətini yaşaması, ümumən regionda sabitlik üçün böyük təhlükə yaranması deməkdir. Nəzərə almaq lazımdır ki, əgər Qərb Gürcüstanda niyyətinə nail olarsa, özünü Qərbin forpostu kimi aparmağa başlayan Ermənistanda revanşizm meylləri artacaq. Qeyd esək ki, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri gürcü xalqının siyasi gücünün ifadəsidir. Seçkilərdə hakim “Gürcü Arzusu” demokratik Gürcüstan partiyası qalib gəldi. Beynəlxalq ictimaiyyət, dövlətlər eləcə də beynəlxalq media subyektləri xalqın seçiminə hörmətlə yanaşmalı və nəticələri qəbul etməlidir. Bir sıra xarici dövlətlər Gürcüstanın Baş naziri postuna Qərbin diktəsi ilə hərəkət edən insanın təyin edilməsinə çalışır. Bununla da Gürcüstan müstəqilliyini itirib və ona nəyi buyururlarsa onu icra edən hökumətə malik olardı. Lakin Gürcüstan Qərbin bu təzyiqlərinə boyun əymədi. Gürcü xalqının siyasi iradəsinə söykənərək xalqın etimadını qazanmış “Gürcü Arzusu” partiyası hökumət formalaşdırdı. Eyni senarini biz Ukraynada görmüşük. Ukraynada da seçkilərdən sonra 2004 və 2014-cü illərdə oxşar hadisələr baş verib. Qərbin maliyyə, siyasi, iqtisadi dəstəyi ilə dövlət çevrilişləri həyata keçirilib. Nəticədə Ukrayna xalqı bunun dəhşətli fəsadlarını yaşayır. Hazırda ölkənin mövcudluğu ciddi sual altındadır. Oxşar hadisəni Gürcüstanın da başına gətirmək istəyirlər. Qərbin maliyyələşdirdiyi müəyyən vətəndaş cəmiyyəti institutları, partiyalar, anti-milli ünsür rolunu oynayan qüvvələr, beşinci kolonun nümayəndələri, Qərbin maliyyələşdirməsi müqabilində “əl əli yuyar, əl də üzü” prinsipindən çıxış edərək Gürcüstanda dövlət çevrilişi etməyə çalışırlar. Salome Zurabişvili iddia edir ki, Gürcüstanda konstitusion çevriliş baş verir. Amma həqiqət budur ki, özü bu çevrilişə cəhd edir. Bu gün Gürcüstan tarixi sınaq qarşısındadır. Gürcü xalqı düzgün seçim edərək qərbin bütün təzyiq göstərən qüvvələrinə "yox" deyib. Gürcüstanda formalaşmış yeni hökumət Gürcüstanın gələcəyi ilə bağlı ən düzgün siyasi kursu seçib. Həmin kurs müstəqillik yoludur və milli maraqlara söykənir.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstan hökumətinin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq barədə qərar qəbul etməsi bu ölkənin suveren hüququdur. Ekspert vurğulayıb ki, heç bir kənar qüvvə, o cümlədən Brüssel də Gürcüstana öz iradəsini diktə edə bilməz:
 "Əlbəttə, Qərb, Gürcüstandan da alət kimi istifadə etmək üçün "ikinci Ermənistan" və ya Cənubi Qafqazı öz nəzarətinə götürmək üçün "ikinci Ukrayna" düzəltmək istəyir. Tbilisidə polislə etirazçılar arasında növbəti qarşıdurmaların yaşanması da məhz bundan qaynaqlanır. Başqa sözlə desək, bu dəfə “Maydan” ssenarisini məhz Gürcüstanda həyata keçirmək istəyirlər. Bu məqamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze də bu gün Tbilisidə keçirdiyi brifinqdə vurğuladı. Bəli, artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən avropalı siyasətçilər və bürokratlar davamlı şəkildə ölkəni zəiflətməyə çalışırlar. Qərbin “beşinci kolon”u rolunu yerinə yetirən yerli radikallar və onların xarici himayədarları ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa can atırlar".

Siyasi şərhçi vurğulayıb ki, Gürcüstanın Qərbin əlində oyuncağa çevrilməsi mümkün deyil:
 "Avropa İttifaqının bu istiqamətdəki planlarının hamısı iflasa uğrayıb. Rəsmi Tiflisin noyabrın 29-da qəbul etdiyi qərardan da bir daha aydın oldu ki, Gürcüstanda “yerli Maydan” ssenarisi təkrarlana bilməz. Qərbin bu ölkədə “rəngli inqilab” ssenarisi həyata keçirmək cəhdləri DonKixotluqdan başqa bir şey deyil. Brüsseldəki Aİ bürokratiyası artıq başa düşməlidir ki, onlar bu mərhələni böyük hesabla uduzublar. Ümumiyyətlə, Avropa İttifaqı bundan sonra Gürcüstanın daxili işlərinə qarışmaqdansa, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyi öyrənməlidir. Beynəlxalq hüquq suveren ölkələrin daxili işlərinə kobud şəkildə müdaxilələri yolverilməz hesab edir. Aİ rəhbərliyinin bu adi həqiqəti bilməməsi və ya qəsdən gözardı etməsi təəccüblüdür. Gürcüstan da Azərbaycan kimi müstəqil siyasət yürütmək xəttinə üstünlük verir. Qərb isə Gürcüstanın bu mövqeyinə hörmətlə yanaşmaq əvəzinə, öz nəzarətində olan  partiyaların, ictimai təşkilatların və medianın vasitəsilə bu Cənubi Qafqaz ölkəsində sabitliyi pozmağa çalışır. Fransanın aparıcı rol oynadığı Avropa İttifaqının bu cür destruktiv-pozucu mövqeyi regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinə də ciddi əngəllər yaradır. Beləliklə, biz Qərbin bütün "qırmızı xətt"ləri pozduğunu görürük. Lakin Qərbin bu və ya digər dövlətlərin daxili işlərinə müdaxilə etmək cəhdləri onun öz əleyhinə işləyir. Region ölkələrinin Qərbə inam və etimadı tamamilə sıfırlanır".