Çingiz Qənizadə: Hərbi cinayətkarlara qarşı ittihamlar əsaslı baza yaradılaraq irəli sürülüb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Bakıda həbsdə olan hərbi cinayətkarların cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.
Bu barədə Baş Prokurorluğun Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir", - məlumatda deyilir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a bildirib ki, dekabrın 16-da Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd olunan hərbi cinayətkarlarla bağlı ittiham aktı tərtib edərək iş məhkəməyə göndərilib:

"İşin məhkəmə baxışı zamanı onlar vəkillə təmin olunacaqlar. Digər tərəfdən Azərbaycan Respublikasının Baş Prokurorluğu təqsirkar şəxslərlə bağlı ittiham verilmiş epizodlar üzrə  həm şübhəli, həm də şahid qismində olan şəxslərin Ermənistan ərazisində olmalarını rəhbər tutaraq bu dövlətin aidiyyəti orqanlarına əməkdaşlıq təklif edib. Yəni orada şübhəli şəxslər ola bilər ki, bu istintaqa cəlb edilsələr, hazırda hərbi cinayətkarlarla bağlı şahidlərin ifadələri məhkəmədə təqdim edilsə, bəzi qaranlıq məqamlara daha da aydınlıq gətirilə bilər. Digər tərəfdən məhkəmə istintaqının da obyektiv olması üçün şahid və şübhəli şəxslərin məhkəmədə ifadə vermələri ilə bağlı Ermənistan Respublikasına da bir mesaj göndərmişik ki, əməkdaşlıq etsinlər. İndi növbə sizindir. Əgər bu məsələdə əməkdaşlıq etmək istəsəniz Azərbaycan tərəfi buna hazırdır. Amma aparılan istintaq müddətində onlara irəli sürülmüş ittihamlar olduqca obyektiv və ədalətlidir. Eyni zamanda hər bir incəliyinə qədər proseslər araşdırılıb və ittihamlar əsaslı baza yaradılaraq irəli sürülüb. Çünki bu proses istintaq dövründə olduğu kimi məhkəmə dövründə də daima nəzarətdə olacaq. Ona görə ki Azərbaycanı sevməyən və bu cinayətkarları dəstəkləyən qüvvələr prosesdən hər hansı problem taparaq onu şişirtməyə çalışacaqlar.  Azərbaycan tərəfi bütün vasitələrdən istifadə etməklə həm onların sözünü kəsmək, həm də ədalətli məhkəmə prosesini keçirib sözügedən cinayətlərə uyğun ədalətli cəza almalarını etmək məqsədilə bu cür addımlar atır".