Rusiya Azərbaycan təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya müvafiq komissiyanın işinin nəticəsini gözləyir.
Kremlin sözçüsü əlavə edib ki, rusiyalı mütəxəssislər istintaqa köməklik göstərir.
"Prezident Putin və Prezident İlham Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq edilir. Prezident Putin üzr istəyib və təəssüf hissi keçirdiyini bildirib", - deyə Peskov vurğulayıb.
Politoloq Oqtay Qasımov "Sherg.az"a deyib ki, Dmitri Peskovun fikirləri hər zaman olduğu kimi yenə də korrektə edilmiş açıqlamadır:
"Azərbaycan strateji müttəfiqlik münasibətlərində olduğu Rusiya tərəfindən bu məsələyə obyektiv, hüquqa uyğun qiymət verilməsini istəyir. Həmçinin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi günahkarlar cəzalandırılmalı və təzminat ödənilməlidir. Azərbaycan tərəfi məsələnin dərinləşdirilməsini arzulamır. Etiraz sadəcə olaraq Rusiyanın hadisəyə gecikmiş münasibəti və proseslərin ört-basdır edilməsinə cəhdlərinədir. Biz istəyirik ki, Peskovun da dediyi kimi, obyektiv və qərəzsiz araşdırma aparılsın. Digər tərəfdən Azərbaycan bu hadisənin necə baş verdiyini, səhlənkarlıqların və cinayətin üstünün örtülməsinə çalışıldığını bilir. Buna görə də Rusiyanın məsələni ciddi araşdırmasını, xüsusilə "qara qutu"nun açılmasından sonra istintaq aparılmasını tələb edir. Ümid edirik ki, Kreml Azərbaycanın narahatlıqlarını nəzərə alaraq normal tərəfdaşlıq və müttəfiqlik münasibətləri göstərəcək. Eyni zamanda öz səhvlərini etiraf edəcək".
Politoloqun sözlərinə görə, Rusiyada ermənipərəst, şovinist təfəkkürlü qüvvələr var ki, onlar istənilən halda Azərbaycanla münasibətlərin korlanmasını istəyirlər:
"Hətta ölkəmizlə bərabər səviyyəli tərəfdaş kimi davranmaq düşüncəsindən uzaqdırlar. Lakin Rusiya Prezidentinin mətbuat katibinin də fikirləri onu göstərir ki, rəsmi Moskva da bu məsələnin həllində maraqlıdır".